Brüssel görüşü Cənubi Qafqazdakı həssas vəziyyəti gərginləşdirə bilər - RƏY
“Brüssel görüşü Cənubi Qafqazda onsuz da həssas olan vəziyyəti gərginləşdirə bilər”.
Bunu “Report”a Milli Məclisin deputatı Elnur Allahverdiyev Brüssel görüşünün nəticələrini şərh edərkən bildirib.
O söyləyib ki, bu görüş həm Ermənistanın, həm də kollektiv Qərbin bölgəmizdə davamlı sülhdə maraqlı olmadıqlarının göstəricisidir: “44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni əməkdaşlıq və sülh mərhələsi üçün əlverişli mühit yaranmışdı. Bölgə dövlətləri öz xalqlarının rihafı naminə bu fürsəti əldən verməməlidirlər. Son hadisələr göstərir ki, yeni reallıq Ermənistan hökumətinin ürəyincə deyil. Fikrimcə, Cənubi Qafqazda yeni gərginlik ocaqlarının meydana çıxmasına, baş verə biləcək hansısa konfrontasiyaya görə ilk növbədə Brüssel görüşünün iştirakçıları məsuliyyət daşıyacaqlar”.
Deputatın fikrincə, son üç il ərzində bu təhlükəli təzahürün əsasını Fransa qoyub: “Təbii ki, bu məsuliyyətin böyük hissəsi Fransanın üzərinə düşür. Yekun sülh sazişinin imzalanmasının qarşısında duran ilk maneə Fransa oldu. Bu ölkə Avropa İttifaqına təsirindən istifadə edib Azərbaycana qərəzli münasibətin formalaşmasında böyük rol oynayır. Təəssüf ki, ABŞ-nin da nəticə etibarilə bu sırada yer alması kollektiv Qərbi Cənubi Qafqazda sülhün bərqərar olmasına qarşı çıxan maneəyə çevirib”.
Onun sözlərinə görə, Brüssel görüşü və onun nəticələrinin əsası Ermənistana Avropadan olan gizli kəşfiyyatçıların göndərilməsi ilə qoyulub: “Bugünkü hadisələr, onların gedişatı Prezident İlham Əliyevin avropalı müşahidəçilər Ermənistana gələrkən bunun təhlükəli təzahür olduğunu deməkdə nə qədər haqlı olduğunu göstərir. Dövlət başçısı hələ o vaxt bəyan etmişdi ki, bu “missiya”nın məqsədi sadəcə müşahidə deyil”.
E.Allahverdiyev əmindir ki, bu gün başda ABŞ və Avropa İttifaqı olmaqla Qərbin Ermənistana dəstək durub silahlandırması, maliyyə yardımı etməsi nəticə etibarilə yenidən hərbi əməliyyatların alovlanması ilə nəticələnə bilər: “Keçirilən sosioloji sorğular göstərir ki, Ermənistan əhalisinin böyük qismi Azərbaycanın işğal altında olan dörd kəndini geri qaytarmağa qarşıdır. Bu, açıq formada revanşizmin meydan oxuması deməkdir. Eyni zamanda, növbəti dəfə erməni xalqının uzaqgörən olmadığının göstəricisidir. Erməni xalqı tarixin fərqli dönəmlərində belə səhvlərin qurbanı olub. Bu gün də Qərbin verdiyi dəstəkdən ruhlanıb sərhədə hərbi hissələr və texnika toplayırlar. Belə görünür ki, vəziyyətin nə qədər təhlükəli olduğunun məsuliyyətini nə İrəvanda anlaya bilirlər, nə də Qərbdə. Əgər Ermənistanda anlaya bilmirlərsə, Qərbdə anlamaq istəmirlər”.
Görüşün yekunu olaraq Ermənistana maliyyə yardımının ayrılmasına əsas olmadığını deyən E.Allahverdiyev hesab edir ki, qapalı şəkildə müzakirə edilən məsələlər fərqli ola bilər. “Aydındır ki, ABŞ-nin və Aİ-nin belə yüksək rütbəli məmurlarının iştirakı ilə anons edilən və keçirilən görüşün nəticəsi cəmi bir neçə yüz milyon avroluq yardım ola bilməz. Əminliklə demək olar ki, görüşün qapalı hissəsində Ermənistanın silahlanması kimi təhlükəli mövzular müzakirə olunub. Ortada silah və hərbi dəstək varsa, deməli, kiməsə qarşı yönəlib. Sərhəddə erməni hərbi texnikası və canlı qüvvəsinin toplanması təsadüfi deyil”.
Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell arasında görüş keçirilib.