Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə HÖKM OXUNDU
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fərid Baxışova hökm oxunub.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, F.Baxışov yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Baxışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində elə həmin gün saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 11 kiloqram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.