“Modern Diplomacy”: “Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçi rolunda çıxış edə bilər”

“Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə müsbət münasibətlər saxladığı üçün münaqişə tərəfləri arasında sülh danışıqlarının təşviqində əsas rol oynaya biləcək ölkədir”.

“Report” xəbər verir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında dərc olunmuş məqaləsində yazıb.

“Ukraynaya sülh hər şeydən çox lazımdır” sərlövhəli məqalədə qeyd olunub ki, keçmişdə Sovet İttifaqının bir hissəsi olmaqla yanaşı, hazırda NATO-nun əhəmiyyətli tərəfdaşı olan Azərbaycan Ukrayna xalqının ağır vəziyyətini anlayaraq bu ölkəyə humanitar yardım göndərir.

Həmçinin o da diqqətə çatdırılıb ki, Rusiyanın bölgədə gedən siyasi proseslərdə vacib rolunu nəzərə alan Azərbaycan şimal qonşusu ilə müsbət münasibətlərini saxlamaqda davam edir:

“Mövcud geosiyasi və digər reallıqları düzgün qiymətləndirən Azərbaycanın müvəffəqiyyətlə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ona Rusiya ilə Ukrayna arasında müharibənin bitməsində uğurlu vasitəçi rolunda çıxış etməyə imkan verir”.

Sabiq nazir vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib və hazırda vasitəçilik imkanına malikdir:

“İşğalçı Ermənistanla hərbi qarşıdurmanı bitirərək ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan indi işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq prosesinə rəvac verib. Bütün bunların fonunda Azərbaycan hər iki ölkənin və bütün bəşəriyyətin rifahı naminə sülh yolu ilə həllə nail olmaq üçün zəruri olan hər şeyi etmək imkanına daha çox malikdir”.

0.057324886322021