“Azərbaycanda tolerantlıq dünya üçün nümunədir” - RƏY + FOTO

“Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, möhkəmlənməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Bu fikri “Report”a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərli deyib.

O qeyd edib ki, Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ildə Təzəpir məscidini ziyarət edib:

“O, “Allahın yolunda birlik olaq” çıxışı ilə bütün Azərbaycan xalqına bəyan etdi ki, ölkədə dövlət-din münasibətləri tənzimlənəcək. Azərbaycan xalqı tarix boyu öz milli dəyərlərinə sadiq olub. Lakin 70 illik sovet hakimiyyəti dini, milli azadlığa imkan verməyib, insanlara qadağalar qoyub. Ölkəmiz müstəqillik əldə edəndən sonra qadağalar aradan qalxdı, din və dövlət münasibətləri öz məcrasında inkişaf etdi. Sovetlərin sökdüyü məscidlər bərpa olundu, yeniləri tikildi. İnsanların vicdan azadlığı təmin olundu”.

Heydər Əliyevin həm də müsəlmanların müqəddəs şəhərlərini ziyarət etdiyini xatırladan deputat düşünür ki, ulu öndər bu əməlləri ilə verdiyi vədlərinə sadiq olduğunu sübutu edib:

“Azərbaycanın bütün ərazilərində din-dövlət münasibətləri tənzimlənsə, insanların dini azadlığına hörmət edilsə də, erməni tapdağında olan torpaqlarımızda durum tamamilə əksinə idi. İşğal altında olan 20 faiz ərazilərimizdə infrastruktur yerlə bir edilir, dini-tarixi abidələr dağıdılır, məscidlərə hörmətsizlik edilirdi. Nəhayət, 2020-ci il zəfərindən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazilərimizdəki bu özbaşınalığa son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Bütün binalarla yanaşı, məscidlər, ibadət yerləri də yenidən əvvəlki vəziyyətinə gətirilir, orada azan oxunur”.

A.İsgəndərli Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində ölkənin ən böyük məscidlərindən birinin tikildiyini, tezliklə dindarların istifadəsinə veriləcəyini vurğulayıb:

“Azərbaycanda tarix boyu islam dininə böyük hörmətlə yanaşılıb, islam dəyərləri təbliğ edilib. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə beynəlxalq konfranslar, müxtəlif dini konfessiyaları bir araya gətirən tədbirlər keçirilib. Bütün bunlar göstərdi ki, Azərbaycan müasir dünyanın uğurlarını, inkişafını qəbul edir, bütün dinlərə hörmətlə yanaşır və tolerant ölkə olaraq inkişaf edir. Bunun nəticəsidir ki, ölkəmizdə təkcə müsəlmanlar deyil, xristianlar, yəhudilər də sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu tolerantlıq bütün dünya üçün nümunədir”.

0.048687934875488