Unutqanlığın əsas simptomları: Beynimiz qocalırmı? - ARAŞDIRMA + FOTO

Yəqin ki, çoxumuz “görəsən, nə edəcəkdim?”, “mətbəxə nə üçün gəlmişdim?”, “açarlarımı haraya qoymuşam?” kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq. Maraqlıdır ki, unutqanlıqdan son vaxtlar gənclər, yeniyetmələr də şikayətlənirlər.

Bəs görəsən, nə baş verir? Beynimiz qocalır? İnformasiya yükünə tab gətirmir? Yoxsa Altsheymer xəstəliyi günü-gündən cavanlaşır? Huşsuzluqdan qurtulmaq mümkündürmü? 

Bu barədə Bakunews.media-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov bildirib ki, çox zaman yaddaş pozuntusu ilə diqqət dağınıqlığı qarışdırılır: 

“Ümumiyyətlə, unutqanlıq xəstəliyi amneziya adlandırılır. Əslində bu, yaş artdıqca yaddaşın zəifləməsidir. Ancaq təəssüf ki, dövrümüzdə gənclərimizin amneziyadan daha çox əziyyət çəkdiklərinin şahidi oluruq.

Amneziya ən çox kəllə-beyin travmaları, psixoemosional şok, həddindən çox gərginlik və epileptik tutmalar zamanı yaranır.

Eləcə də, insanlarda müəyyən yaş dövründən sonra beynin qidalanması pozulur.

Beyin qabığında atrofiyanın artması nəticəsində isə altsheymer xəstəliyi yarana bilər. Əgər pasiyent ətrafındakı adamların adlarını qarışdırırsa, uzaq keçmişdə baş verən hadisələri xırdalığına qədər xatırladığı halda, dünən baş verənləri unudursa, bu, altsheymer xəstəliyinin əsas əlamətləridir”.

Həkim-nevroloq qeyd edib ki, yaddaş zəifliyini yoxlamaq üçün xüsusi testlər mövcuddur:

“Bu testlərdə, əsasən, pasiyentə bir neçə spesifik sual verilir, cavablar xüsusi sistemlə hesablanır və nevroloq əldə olunan nəticələrə əsasən pasiyentin yaddaş zəifliyinin dərəcəsini təyin edir”.

Nevroloqun sözlərinə görə, yaddaş pozulmalarının qarşısını alacaq xüsusi dərman, yaxud qida vasitələri mövcud deyil. O, yaddaşını gücləndirmək istəyənlərə məntiq testləri, riyazi məsələləri həll etməyi, kitab oxumağı tövsiyə edib.

Maraqlıdır ki, bəzi insanlar sırf uşaqlıq illərini xatırlamadıqlarından şikayətlənirlər. Psixoloq Gülnar Orucovanın sözlərinə görə, bununla bağlı müxtəlif fərziyyə və nəzəriyyələr mövcuddur:

“Şəxs xarakterinə, yaşadığı mühitə, məruz qaldığı travmalara və psixoloji vəziyyətə bağlı olaraq uşaqlıq illərini unuda bilər. Bəzən bu, ixtiyari də ola bilir. Yəni şəxs uşaqlıq illərinə dəyər vermir və kiçik olarkən yaşadığı hadisələri, xatirələrini unudur.

Uşaq vaxtı yaxınlarını itirənlər, zorakılığa, şiddətə məruz qalanlar da bu halla qarşılaşırlar. Bu o demək deyil ki, onlar uşaqlıq illərini tamamilə unudurlar: hər hansı bir fotoşəkil, video vasitəsilə müəyyən epizodları yaddaşlarında canlandıra bilərlər”.

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, valideynlər bir-biri və uşaqları (xüsusən 0-6 yaş dövrlərində) ilə xoş rəftar etməlidirlər:

“Hətta hələ danışıq qabiliyyəti olmayan körpələr də valideynlərinin bir-birinə dediklərini dərk etməsələr belə, rəftarı görürlər və böyüdükcə bu proseslər onların hafizəsində canlanır. Buna görə də bəzi hallarda kimsə iki, yaxud üç yaşı olanda baş vermiş hadisəni xatırladığını deyirsə, bu, yalan, şişirtmə olmaya bilər”.

Mütəxəssis qeyd edib ki, əgər şəxs uşaqlıq dövründə yaşadığı ağır travmanı xatırlamırsa, onu hipnoz vasitəsilə ortaya çıxarmaq olar, ancaq bunun xüsusi müalicəsi mümkün deyil.                     

Sevinc Əliyeva

0.086933135986328