Bakıda çoxmərtəbəli binaya bitişik konstruksiyada yanğın olub - FOTO/VİDEO

Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli bina ilə bitişik taxta konstruksiyada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Bakunews.media-a bildirilib.

“FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib:

“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sahəsi 5 kvadratmetr olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25 kvadratmetr sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5 poqonometr elektrik kabelləri əriyib. Yaşayış binası yanğından mühafizə edilib”.

0.39865493774414