30 il əvvəl Ermənistandan qovulan azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı ABŞ-dən AÇIQLAMA
Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların hüquqlarına riayət olunmasını dəstəkləyir.
Bu barədə “Report”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyində ABŞ tərəfinin 30 il əvvəl qovulduğu Ermənistana qayıtmaq istəyən azərbaycanlılara dəstək verməyə hazır olub-olmaması ilə bağlı sual cavablandırılarkən bildirilib.
“Amerika Birləşmiş Ştatları etnik mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir”, - diplomatik missiyadan bildirilib.
Bundan əlavə, qeyd edilib ki, davamlı sülhə aparan yeganə yol danışıqlar masasına oturmaqdır.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvinn bu yaxınlarda bildirib ki, ABŞ Azərbaycanın Qarabağ regionundan getmiş ermənilərin təhlükəsiz şəkildə geri qaytarılması hüququnu dəstəkləyir.