Ceyhun Bayramov Özbəkistanın XİN başçısı ilə bir sıra məsələləri müzakirə edib - YENİLƏNİB + FOTO
14 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı nazirlər Azərbaycan və Özbəkistan xalqları arasında etnik, tarixi, mədəni və dini köklərə əsaslanan iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksək səviyyəyə qaldırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə iki ölkə arasında müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, energetika, humanitar, təhsil, turizm, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq və regional platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini məmnunluqla vurğulayaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaşlıq və həmrəyliyə əsaslanan əməkdaşlığın daha da şaxələndirilməsinin vacibliyini qeyd ediblər.
Görüş zamanı nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə qardaş Özbəkistanın töhfəsinin, Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəbin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Nazirlər həmçinin iki ölkə XİN-ləri arasında məsləhətləşmə mexanizminin işinin intensivləşməsinin, müqavilə-hüquq bazasının daha da genişlənməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
00:10
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda səfərdədir.
Bakunews.media xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın XİN başçısı özbəkistanlı həmkarı Baxtiyor Saidovla görüşüb.
Nazirlər Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlərin geniş spektrini, mövcud regional vəziyyəti müzakirə ediblər.
14.04.2024, 16:27
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurası ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında fəxri qonaq qismində iştirakı, habelə bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.