Portuqaliyadakı forumda ƏƏSMN-in qurumlarına 12 beynəlxalq mükafat təqdim edilib - FOTO

Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları 160-dan artıq ölkənin 320-dən çox sosial təminat qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən ən yüksək qiymətə layiq görülüb.

Bakunews.media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin qurumları mötəbər beynəlxalq təşkilatlardan olan BSTA-nın 12 mükafatı ilə təltif olunub.

Təşkilatın Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda mükafatların təqdim edilməsi mərasimi olub. Mükafatlar forumda ölkəmizi təmsil edən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinə təqdim edilib.

Ən yaxşı təcrübə üzrə 12 mükafatdan dörd mükafat DOST Agentliyinə, dörd mükafat Dövlət Sosial Müdafiə Fonduna (DSMF), daha dörd mükafat isə sosial sahədə uğurlu elektronlaşdırma tədbirlərinə görə təqdim olunub. Mükafatların sırasına daxildir:

Ən yaxşı təcrübə üzrə Xüsusi Nailiyyət Mükafatları:

- Azərbaycanda sosial ödənişlərin təyinatında müasir humanist yanaşma: İnsan əsaslı proaktiv təyinat mexanizminə görə;

- DSMF tərəfindən xidmətlərin innovativ rəqəmsal idarəetmə strategiyalarına uyğun göstərilməsi və inzibati proseslərdə inqilabi dəyişikliklərə görə;

- Əlilliyə görə proaktiv ödənişlər mexanizminə görə.

Ən yaxşı təcrübə üzrə Nailiyyət Mükafatları:

- Transformativ idarəçilik: Azərbaycanda optimallaşdırma və innovasiyalar vasitəsilə əhalinin sosial təminatının gücləndirilməsinə görə;

- “E-sosial” internet portalı: Vahid sosial reyestrə görə;

- Vahid “Əmək və Məşğulluq” altsisteminə görə;

- DOST Çağrı Mərkəzi: transformasiya strategiyasına görə;

- DOST İndeks: Əməliyyat idarəetmədə qərarverməyə dəstək alətinə görə;

- Səyyar DOST xidmətlərinə görə;

- “Könüllü DOST” proqramına görə;

- Fərdi reabilitasiya proqramlarında e-sistemlərə görə;

- Ünvanlı sosial yardımın təyinatı üçün maddi-məişət şəraitinin yoxlanmasının süni zəkaya əsaslanan həllinə görə.

Qeyd edək ki, son üç ildə və bu ilin ötən dövründə Nazirlik və qurumları 75-dən çox mükafat və sertifikat (o cümlədən, 56 mükafat, 20 İSO sertifikatı) ilə təltif edilib.

Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə aparılan sosial islahatlar və nailiyyətləri barədə məlumat verilib.

0.058520078659058