Qəbələ məktəbliləri su qıtlığına çözüm ola biləcək maddə hazırladılar - FOTO
Azərbaycanda 13 ildir “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Aprel ayının 17-də açılış mərasimi olan növbəti 13-cü müsabiqədə xeyli sayda “sabahın alimi” iştirak edib.
Elm və təhsil nazirinin, millət vəkillərinin, dövlət və özəl müəssisə rəhbərlərinin iştirak etdiyi tədbirdə müxtəlif məktəblərin şagirdləri fərqli layihələr təqdim edib, sərgidə iştirak hüququ qazanıblar.
Sərgidə iştirak hüququ qazanan 113 layihədən birinin rəhbərləri ucqar kənd məktəbindən müsabiqəyə qoşulub, öz yenilikləri ilə elmə töhfə qatacaqlarını isbat etməyə gəliblər.
Bizim.media müsabiqə iştirakçıları - Qəbələ rayonu Tüntül kənd tam orta məktəbinin X sinif şagirdləri Gülsüm Musabəyova və Rüstəm Fərziyevlə həmsöhbət olub.
Müsabiqəyə “SuVar” layihəsi ilə qoşulan gənclər bu layihənin su qıtlığından əziyyət çəkən ölkəmiz və dünya üçün böyük əhəmiyyət kəsb edəcəyini bildiriblər.
Gülsüm Musabəyova bildirib ki, onların hazırladıqları maddə həm özündə çox su saxlayır, həm də yaşıllığa xidmət edir:
“Layihəmiz həm “su var”, həm də “suvar” deməkdir, iki mənada işlənir. Biz burada elə maddələrdən istifadə eləmişik ki, torpaqda yapışqan mühit əmələ gətirmədən özündə 300 dəfədən çox su tutur. Biz fotolar təqdim edirik, göründüyü kimi, yan dibçəklərdə hazırladığımız polimer var, ortadakı dibçəkdə polimer yoxdur. Polimer olan dibçəklərdə cücərmə daha yaxşı gedir, amma ortadakı dibçəkdə cücərmə o qədər də yaxşı deyil.
Bir dənəcik özündə 300 dəfə çox su tuta bilir. Bizim hazırladığımız polimer bir il ərzində torpaqda parçalanır, bu da bitkinin inkişafını sürətləndirir. Hazırda dünyada su qıtlığı problemi yaşanır, Azərbaycan da bu problemdən kənar qala bilmir. Ona görə düşündük ki, elə bir maddə hazırlayaq ki, o özündə həm suyu saxlasın, həm də ətraf mühitə pis təsir göstərməsin”.
Alimliyə iddiası olan gənclər hesab edirlər ki, bundan istifadə edən fermer daha çox gəlir əldə edəcək:
“Bizim hazırladığımız polimer məsaməliliyi qoruyur, digərləri isə qorumur, bir-birinə yapışır, torpağa da ziyandır. Hazırladığımız maddədən istifadə edən fermer əvvəlkindən 20 faiz daha çox gəlir əldə edəcək, həm də 60 faizə qədər su tutumu yaranacaq”.
Qeyd edək ki, müsabiqədə növbəti iki gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.