Sülhməramlıların regiondan çıxması: ABŞ-dən riyakarlıq - ŞƏRH

2020-ci ilin 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər.

Sülhməramlıların çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor kimi yadda qalır.

İki ölkə arasında münasibətlər, onsuz da, yaxşı idi, sülhməramlıların çıxarılmasından sonra ikitərəfli dostluq münasibətləri daha da güclənəcək.

Nəzərə almaq lazımdır ki, Qarabağ mövzusu artıq bağlanıb, ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponenti yoxdur.

Rusiya da münaqişənin həllindən sonra anladı ki, burada qoşunlarını saxlamaq mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açacaq.

Ağzıgöyçəklər, reallıqla əlaqəsini itirib xam xəyallar dünyasında yaşayan bəziləri buna da ağız büzürlər. O qədər neqativə və kal düşüncələrə vərdiş ediblər ki, onlar ağıllı olan heç bir şeyi qəbul etmirlər.

Gün kimi aydındır ki, hər şey Azərbaycan Prezidenti İlham Əliyevin parlaq strateji zəkası nəticəsində reallaşır. Məhz sülhməramlıların da 2025-ci ilə qədər müvəqqəti olaraq regiona yerləşdirilməsini İlham Əliyev israr etmişdi.

Üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulması və indi prosesin məntiqi sona çatdırılması Prezident İlham Əliyevin növbəti qətiyyətli siyasətinin göstəricisidir.

Buna da mənfi fikir bildirənlərin hansı mərkəzlər tərəfindən qısqırdılması aktuallaşır. Gəlin baxaq.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib:

“Biz Rusiya ordusunun Cənubi Qafqaz regionunda daha dinc və sabit vəziyyətə sərmayə qoyduğunu göstərən heç nə görmədik və ötən payızda Qarabağda baş verən hadisələr buna sübutdur. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığına daha bir nümunədir”.

Bu sitat o deməkdir ki, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlılara yanaşmada fərqli mövqe ortaya qoydu.

Halbuki, ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiyadakı sülhməramlı kontingenti çıxarmağa çağırıb. Ağ Ev 2022-ci ilin yanvarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlamışdı.

İndi isə ABŞ sülhməramlıların Qarabağdan çıxarılmasını dəstəkləmir. Prosesi neqativ tərzdə şərh etməklə riyakarlığını göstərir.

Maraqlıdır, ABŞ “etibarsız müttəfiq” deyərkən Rusiya ilə Vaşinqtonun gizli razılaşmalarını nəzərdə tutur?

Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, Qarabağda 2023-cü ildəki antiterror tədbirlərindən bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda gizli ABŞ-Rusiya-Avropa İttifaqı görüşü olmuşdu.

İndi görürsünüzmü, Azərbaycana qarşı səsini başına atanlar hansı sövdələşmələri gündəmə gətirirlər?!

Aqil Vəlili

0.054657936096191