ABŞ-nin 60 milyard dollarının Ukraynada “partlama gücü” - TƏHLİL
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 60 milyard dollarlıq yardımı nəzərdə tutan qanun layihəsini qəbul etdi.
Bu layihə Senatın da filtrindən keçsə və ardınca Prezident Co Bayden tərəfindən imzalansa, Ukrayna növbəti yardım paketini əldə edə biləcək.
Sənəd qəbul edilsə, ABŞ-nin Ukraynaya hərbi yardımı, o cümlədən uzaqmənzilli ATACMS raketləri dərhal Ukraynaya göndəriləcək.
Böyük ehtimalla bu yardımın Ukraynaya təqdim edilməsi təsdiq olunacaq.
Buna görə də indi ABŞ-nin yardım paketinin Ukrayna cəbhəsindəki vəziyyətə təsir imkanları daha çox müzakirə olunan mövzudur.
Hesablamaq olur ki, silahlar Ukrayna torpaqlarına gəlməmişdən öncə Rusiya hücumlarını artırsa, cəbhədə vəziyyət daha da pisləşəcək.
Odur ki, Ukrayna cəbhə xəttində öz xeyrinə dəyişiklik ümidi ilə yardımı gözlədiyi müddətdə əlavə hücumlara məruz qala bilər.
Ancaq diqqətçəkən məqamlardan biri budur ki, Ukrayna xeyli dərəcədə motivasiya alır. Kiyev silah-sursatlar gəlməmiş cəbhə xəttində və Rusiya ərazilərində əməliyyatlarını intensivləşdirməyi qarşıya hədəf qoyur. Bu enerjinin səbəblərindən biri də NATO-nun da Ukraynaya silah göndərəcəyi haqqındakı rəsmi bəyanatların verilməsidir.
Bu baxımdan Krımın Sevastopol şəhərində Rusiyanın Qara Dəniz Donanmasının “Kommuna” sualtı dəstək gəmisinin vurularaq zədələnməsi Ukraynanın ən böyük işlərindən biri kimi qeyd oluna bilər.
Bir sözlə, bu motivasiyaları da nəzərə alsaq, ABŞ-nin köməyi Ukrayna üçün mənəvi güc toplamasına, silah arsenalını cəbhədə uğurlu şəkildə bölməsinə dəstək olacaq.
Ukraynanın Rusiya qarşısında aviasiya sahəsində müdafiə imkanları və hücum potensialı da güclənə bilər.
Ancaq bütün bunların cəbhə xətti boyunda Ukraynanın xeyrinə həlledici nəticə hasil edəcəyi şübhəli görünür, çünki:
- Rusiyanın nəzarət etdiyi coğrafiya elə də kiçik sayıla bilməz və həmin cəbhə xəttində güclü istehkamlar, müdafiə xətləri qurulub,
- Ukraynanın canlı qüvvə cəhətdən ciddi çatışmazlıqları var. Kiyev səfərbərlik üçün yaş həddini aşağı salsa da, bu, qoşunların komplektləşdirilməsindəki çətinlikləri aradan qaldırmır,
- Bu gecikmə ilin qalan hissəsində cəbhə xəttində əsgər çatışmazlığının davam etməsi anlamına gələ bilər,
- Kömək üçün ayrılan məbləğ böyük səs-küy gətirəcək əks-hücum əməliyyatları üçün yetərli hesab oluna bilməz.
Deməli, Ukrayna üzləşdiyi ən vacib suallara hərbi yolla cavab tapmağa çalışsa da, onun dirənişi Rusiyanı geri çəkindirəcək xarakter qazanmayacaq.
Üstəlik, Ukraynanın qorxularında ABŞ ilə əlaqəli siyasi narrativlər də az deyil.
Çünki Kiyevə silah tədarükü məsələsində parçalanmış ABŞ Konqresi indi çəkici eyni nöqtəyə vursa da, növbəti dəfə onun Ukrayna üçün birləşməsi çətin görünür.
Üstəlik, Rusiyanın yeni gücləndirilmiş hərbi strategiyası Ukrayna üçün təhlükəni daha da artırır.
Çünki Moskva yenidən elektrik stansiyalarına və digər mülki infrastrukturlara zərbələri intensivləşdirir.
Göründüyü kimi, bu tendensiyalar döyüşlərin şiddətlənməsi baxımından daha çox Ukrayna üçün acınacaqlı mənzərə yaradır.
Bununla belə, proqnozlaşdırmaq olar ki, Ukrayna qoşunları düzgün əməliyyat planlaması tərtib etsələr, cəbhədə Rusiyanın təzyiqlərini qismən dayandırmaq bacarığını göstərəcəklər.
Buna görə də Ukraynanın bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edəcəyini istisna etmək olmaz.
Aqşin Kərimov