Niyyət edilərək tikilən 110 illik hamam acınacaqlı vəziyyətdədir - FOTO
Binəqədi qəsəbəsi, Ramazanov küçəsində yerləşən “Hacı Əmrah” hamamı 1915-ci ildə tikilib.
Kənd sakini Əmrah İsayev Moderator.az-a açıqlamasında bildirib ki, hamamı babası tikdirib.
“Babam ziyarətdə olanda niyyət edib ki, sağ-salamat qayıtsam, kənd camaatı üçün hamam tikdirəcəyəm. Hamam 1980-ci illərin sonuna qədər fəaliyyət göstərib. Hamam uzun illərdir ki, baxımsız vəziyyətdədir, içərisi daş-kəsəklə, zibillə doludur. Heç kim gəlib maraqlanmır, göz görə-görə tariximiz məhv olur”, - deyə o bildirib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Binəqədi kənd sakini Orxan İsayev də Əmrah İsayevin dediklərini təsdiqləyib.
“Təxminən bir ay bundan öncə Mədəniyyət Nazirliyi və AMEA-nın mütəxəssisləri birgə gəlib əllərindəki siyahı ilə Binəqədi qəsəbəsindəki tarixi abidələrə, qədim yerlərə baxış keçirdilər. Onlar həmçinin “Hacı Əmrah” hamamının vəziyyəti ilə də tanış oldular. Mütəxəssislər hamamın acınacaqlı vəziyyətinə şahid oldular. Onlar bizə bildirdilər ki, həm Mədəniyyət Nazirliyi, həm də AMEA-nın rəhbərliyinə bu barədə məlumat verəcəklər. Yaxın günlərdə hamamın təmir olunması və yaxud da hansısa yerlərinin bərpa olunması işləri həyata keçiriləcək. Düşünürük ki, həmin hesabat müvafiq instansiyalara artıq təqdim olunub. Ümid edirik ki, bununla bağlı yaxın günlərdə bir iş görüləcək və tarixi əhəmiyyəti olan “Hacı Əmrah” hamamı dağılıb məhv olmaqdan xilas olacaq”, - deyə bildirib.
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, hamam bərpa edilməsi üçün investisiya planına salınıb.
“Hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda qeyd edək ki, ölkə ərazisində bu tip tarixi abidələr çoxluq təşkil edir. Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində sahibkarlar tərəfindən bərpa edilərək istifadə edilməsində maraqlıyıq. Kimsə tarixi abidədə təmir-bərpa işləri aparıb hansısa istiqamətdə istifadə etmək istəyirsə bununla bağlı müvafiq bərpa layihəsi, təklif hazırlayıb Mədəniyyət Nazirliyinə müraciət edir və onun bu təklifi dəyərləndirilir. Layihədə hansısa çatışmazlıq olarsa, dərhal izah olunur və dəyişikliklər olunduqdan sonra təsdiq olunur, işə başlanılır”, - deyə qurum rəsmisi bildirib.