Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər - YENİLƏNİB
Bakıda səfərdə olan türk dövlətləri parlamentləri xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər.
“Report” xəbər verir ki, onlar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntılara baxacaq, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir.
12:24
Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclası başlayıb.
“Report” xəbər verir ki, Milli Məclisdə keçirilən toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edirlər.
İclasın gündəliyinə xarici əlaqələr Komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər mövzular daxildir.
Əvvəlcə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edib.
Ardınca türk dövlətlərinin parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin çıxışları, eləcə də Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erinin çıxışı planlaşdırılır.