Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO
Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.
Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında, teatrlarda, idman zallarında və sürücülük məktəblərində 10-15% civarında endirimlərdən yararlanırlar. Ölkənin bəzi universitetlərinin ərazilərində tələbələr üçün velosiped kirayəsi pulsuzdur. Rusiya isə tələbələri üçün ictimai nəqliyyatda gediş haqqını azaltmaqla yanaşı, muzey, teatr və kinoteatr biletlərində böyük endirimlər tətbiq edir. Yayda isə onlar tələbə düşərgələrində ödənişsiz dincələ bilərlər. Yaponiyada tələbələrə onların ali məktəbdə oxuduqlarını təsdiqləyən biletlə yanaşı ikinci bir kart verilir: onun vasitəsilə gənclər universitetin yerləşdiyi prefekturanın fərqli məkanlarında güzəştlər əldə edə bilirlər.
Azərbaycanda isə tələbələr üçün təhsil haqqında müəyyən güzəştlər tətbiq olunur. Şəhid ailəsi statusunu almış ailənin üzvü, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud tələbələr dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil haqqından azad olunurlar.
Tələbələrdən daha hansı güzəştlərin tətbiq olunmasını istədiklərini soruşduqda isə onlar ictimai nəqliyyatda gediş haqqında, idman zallarında, təhsil müəssisələrinin yeməkxanalarında endirimlər edilməsini, həmçinin maarifləndirici tədbirlərin, layihələrin, alimlərlə və ixtiraçılarla görüşlərin ödənişsiz təşkil olunmasını məqbul saydılar.
Maraqlıdır, ölkəmizdə tələbələr üçün başqa hansı güzəştlər tətbiq oluna bilər?
Təhsil eksperti Məzahir Məmmədli Bakunews.media-a açıqlamasında bildirib ki, tələbələrimiz bu məsələ ilə bağlı təhsil aldıqları universitetlərin rəhbərliyinə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, təəssüf ki, cavab ala bilməyiblər:
“Düşünürəm ki, universitet tələbələrini ictimai nəqliyyatda gediş haqqında güzəştləri ehtiva edən kartlarla təmin etməlidir. Həmçinin, həftədə bir neçə dəfə fərqli muzeylərimizdə “açıq qapı” günləri təşkil olunmalıdır ki, tələbələr bunlardan rahatlıqla yararlana bilsinlər”.
Ekspert sovet vaxtı tələbələr üçün tətbiq olunan sistemin (ildə bir dəfə 2 manat 50 qəpik ödəniş etməklə bütün nəqliyyat vasitələrində ödənişsiz istifadə hüququ) müəyyən dəyərlər nisbətini nəzərə alaraq yenidən nəzərdən keçirilməsi fikrini irəli sürüb.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu fikirdədir ki, tələbələrin ən çox ictimai nəqliyyatda güzəştlərə ehtiyacı var:
“Bir çox Avropa ölkələri tələbələrini müəyyən güzəştli kartlarla təmin edirlər. Bu kartlar vasitəsilə tələbələr, xüsusən ictimai iaşə və digər müəssisələrdə endirimlərdən yararlana bilirlər.
Ölkəmizdə tələbələr üçün təhsil haqqı ilə əlaqədar müəyyən güzəştlər tətbiq edilsə də, ictimai nəqliyyatda heç bir güzəşt yoxdur. Düşünürəm ki, ictimai nəqliyyatda endirimli kartların tətbiqi yaxşı olardı”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGT) mətbuat katibi Fidan Həsənova isə Bakunews.media-a açıqlamasında bildirib ki, orta statistik tələbənin birgünlük xərci təxminən 10 manat təşkil edir:
“Bu məbləğin də əsas hissəsini yol və qidalanma xərcləri təşkil edir. ATGT Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC-yə yol xərcinin yarıya endirilməsi istiqamətində layihə təklifləri göndərib. Layihəyə görə, tələbə biletini təqdim etməklə endirimdən yararlana bilməlidir. Həmçinin, bəzi təhsil müəssisələri ilə danışıqlar aparılıb və onların bufetlərində satılan qidalara endirim edilməsinə nail olunub”.
F.Həsənova qeyd edib ki, tələbələr asudə vaxtlarını səmərəli keçirməli, əyləncəyə də zaman ayırmalıdırlar, buna görə də müvafiq məkanlarda onlara endirimlər edilməsi arzuolunandır:
“Gənclərin bəyəndikləri ulduzların Bakıdakı konsertlərində, müxtəlif festivallarda tələbələrə özəl promokodlar vasitəsilə endirimlər etmək olar. Düzdür, bəzi kinozallarda, muzeylərdə, kitabxanalarda onlara müəyyən güzəştlər edilir. Ancaq təəssüf ki, ölkəmizdə hətta ödənişsiz fəaliyyət göstərən bəzi muzeylərə maraq göstərilmədiyinin şahidi oluruq. Düşünürəm ki, bunun da səbəbi həmin məkanlarla bağlı tələbələrin məlumatının olmamasıdır. Bu xüsusda təklif edə bilərəm ki, ölkədə tələbələr üçün yaradılan güzəştlər barədə informasiyaları onların ən çox istifadə etdikləri platformalarda mütəmadi işıqlandırmaq faydalı olar”.
Sevinc Əliyeva