Azərbaycan neokolonializm praktikasına göz yummayacaq: İlham Əliyevdən dünyaya mesaj - ŞƏRH + FOTO
Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Rəsmi Bakı Qarabağda işğala son qoyduqdan sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe ortaya qoyub, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir.
Azərbaycan dövləti daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki, o, müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halları qınayır, bunu yolverilməz hesab edir.
Bu gün Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildəndir. Prezident İlham Əliyev də forumda bu məsələyə toxunub. “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”, - deyə ölkə başçısı bəyan edib. Prezident bildirib: “Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.
Göründüyü kimi, Prezident İlham Əliyev bir çox dövlət liderinin cürət edib səsləndirə bilmədiyi həqiqətləri növbəti dəfə beynəlxalq tədbirdə dilə gətirib, Fransanın uzun əsrlərdir ki həyata keçirdiyi müstəmləkəçilik siyasətini bu gün də davam etdirməsini, Afrika qitəsində öz hərbi mövcudluğunu silah gücünə, zorakılıqla sürdürmək cəhdini dəfələrlə tənqid edib. Dövlət başçısı haqlı olaraq qeyd edib ki, Fransa Afrikada, dünyanın digər bölgələrində qanlı cinayətlər törədib, minlərlə insanın həyatına son qoyub.
Qanlı müstəmləkə tarixi olan, bu gün də məlum siyasəti eyni amansızlıqla davam etdirən Fransanın beynəlxalq hüquqa və ədalətə zidd olan bu siyasəti Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının sammitlərində də gündəmə gətirilib, israrla qınanılıb. Təbii ki, Fransanın bu mənfur siyasətinə son qoyması üçün digər dövlətlərin də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə ciddi ehtiyac var. Yalnız beynəlxalq ictimaiyyətin birliyi, həmrəyliyi və qətiyyəti sayəsində çağdaş dünyada orta əsrlər dövrünün qalığı olan müstəmləkəçilik siyasətinə son qoymaq mümkündür.
Fransa isə ünvanına səslənən ittihamlardan dərs çıxarmaq əvəzinə, neokolonializmə qarşı çıxan, bu istiqamətdə tədbirlər keçirən müstəqil Azərbaycanı hədəfə alır. Məsələn, götürək elə Fransanın daxili işlər naziri Jerald Dermanenin son açıqlamasını. O, bununla Yelisey sarayının iç üzünü göstərmiş olub. Nazir bəyan edib ki, “Azərbaycan Kaledoniya məsələsindən bizim ermənilərə dəstək verməmizə cavab kimi istifadə etməyə çalışır”. Erməni lobbisinin ciddi təsiri altında olan nazir növbəti dəfə Azərbaycanı Qarabağdan könüllü çıxan erməni sakinlərə qarşı “etnik təmizləmə” siyasəti aparmaqda günahlandırıb. Əlavə edib ki, baş verənlər onu “dərindən sarsıdıb”. Nazirin çıxışında ən maraqlı məqam ölkəsinin uzun illərdir müstəmləkə şəraitində saxladığı Yeni Kaledoniya ilə bağlı narahatlığı olub.
Bəlli olduğu kimi, Niger, Qabon və Seneqalda Fransanın biabırçı qovulmasından sonra növbə Kaledoniyaya çatıb. Bölgədə fransız müstəmləkə siyasətinə qarşı hərəkat start götürüb. Hətta etiraz aksiyalarında Azərbaycan bayrağı belə dalğalandırılıb. Bu da prezident Emmanuel Makron başda olmaqla, Fransa hakimiyyətini qəzəbləndirib. Daxili işlər naziri də Azərbaycanın Kaledoniyaya dəstək verməsindən narahatlığını ifadə edir. Maraqlıdır, nazir niyə keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının Parisdə təmsilçiliyinin yaradılmasından danışmır? Fransada Prezident Emmanuel Makron da daxil olmaqla hər vəchlə separatizmə nəinki dəstək verməyə çalışır, hətta separatçılara açıq dəstək nümayiş etdirirlər. Halbuki bu ölkə 30 ilə yaxın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olub.
Azərbaycan Xarici İşlər Nazirliyi dünən yaydığı bəyanatda bir daha Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağı tələb edib. Qeyd edilib ki, Fransa hökumət rəsmisinin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir: “Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”.
Beləliklə, Fransanın daxili işlər naziri Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərdiyi kimi, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı da unutmamalıdır.
“Report” İnformasiya Agentliyi