Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
Ermənistanla Azərbaycan arasında sərhədin ikitərəfli əsasda delimitasiyası və demarkasiyası prosesi sərhədyanı erməni kəndlərinin əhalisinin yerli etirazları fonunda uğurla davam edir. Lakin Ermənistanda ictimai rəy sorğularının göstərdiyi kimi, ermənilərin əksəriyyəti müəyyən beynəlxalq təhlükəsizlik təminatları olsa belə, azərbaycanlılarla birgə yaşamağa hazır deyillər.
“Gallup” Beynəlxalq Assosiasiyasının (MPG/Gallup International Association) ermənilərin azərbaycanlılarla birgə yaşamağa hazır olmaları ilə bağlı araşdırmasına cəlb olunan Ermənistan vətəndaşlarının 6,1%-i “böyük ehtimalla, yox” cavabını verdiyi halda, 75,5%-i “qətiyyən yox” (cəmi 81,6%) cavabını seçib. Eyni zamanda sorğular göstərir ki, Ermənistan cəmiyyəti ölkənin Qərbə üz tutmasını alqışlayır, Fransa və ABŞ-ni özünün əsas müttəfiqləri kimi görür.
Beynəlxalq ekspert, sosioloq Yevgeni Kopatko Bakunews.media-a şərhində məsələ ilə bağlı fikrini bildirib.
- Ermənistan-Azərbaycan münasibətlərinin tam normallaşması hələ çox uzaqdadır, bu, aydın məsələdir. Və eyni zamanda, Qərbin Cənubi Qafqaz regionuna təsiri amili var, amma mən deməzdim ki, erməni cəmiyyəti tamamilə Qərbə üz tutub. Bəli, Ermənistanda aparılan sosioloji araşdırmalar göstərir ki, insanların çoxu Qərblə daha yaxşı yaşayacaqlarını düşünməyə meyillidir. Lakin hələ də əhalinin əhəmiyyətli bir hissəsi (40%-dən çox) hesab edir ki, Rusiya ilə münasibətlərin resursu kifayət qədər yüksək olaraq qalır. Erməni elitası isə həqiqətən çoxdan Qərbə üz tutub. Nikol Paşinyan hakimiyyətə gəldiyi andan (2018-ci ildən - red.) Ermənistanda qərbyönümlü vektor inkişaf edib.
Delimitasiya və demarkasiya ətrafında baş verənlərə və ümumilikdə Ermənistan-Azərbaycan nizamlanmasına gəlincə, hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərliyi gələcəklə bağlı daha aydın təsəvvürə malikdirlər.
- Həm Qərb, həm Rusiya və həm də Türkiyə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını (müxtəlif formulasiyalarda da olsa) alqışladılar. Bu, həqiqətən də uzunmüddətli sülhə doğru böyük addımdır. Rəsmi Bakı və İrəvan müsbət kökləniblər, amma Ermənistanda yerli xarakterli də olsa, etirazlar baş qaldırıb. Niyə?
- Ermənistan rəhbərliyi bu prosesi başa çatdırmaq üçün siyasi iradəyə malikdir. Və siz düzgün qeyd etdiniz ki, Ermənistandakı etirazlar yerli xarakter daşıyır, onlar sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı siyasi qərarların qəbuluna həlledici təsir göstərməyəcəklər.
Bizim gördüklərimiz bir növ sosial etirazdır. Bəli, Ermənistan cəmiyyətində sərhəddə baş verənlərə kifayət qədər neqativ yanaşma var, bunu sosioloji araşdırmaların nəticələri də sübut edir. Amma Ermənistan rəhbərliyi kompromis əldə edilməsinə və məsələlərin həllinə köklənib, ona görə cəmiyyəti də buna hazırlayacaq.
Nair Əliyev