Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş etmək niyyətindədir - RƏY
Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. “Xarici təsirin şəffaflığı haqqında” qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur.
Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında siyasi şərhçi Vaso Kapanadze deyib.
O qeyd edib ki, hər bir ölkə milli maraqları üzərindən inkişaf etməlidir: “Gürcüstan hökuməti çətin dövrdən keçir. Çünki hazırkı vəziyyətdə istər Qərb, istərsə də ABŞ-nin təzyiqlərinə tab gətirib, qanun layihəsini qəbul etmək olduqca çətin məsələdir.
Təbii ki, onlar Gürcüstanın gələcəyi və inkişafı naminə, milli maraqlarımız üçün bunu etməlidir: “Ya öz siyasi kursları ilə milli maraqları qorumağa davam edəcəklər, ya da xarici qüvvələrin oyuncağı olacaqlar. Buna nümunə olaraq Ukraynanı misal gətirə bilərik. “Maydan” hadisələrini yada salaq. Bundan sonra da Ukraynada olanları bilirik. Ölkəni müharibəyə çəkdilər və Ukraynanı demək olar, məhv etdilər.
Gürcüstan xalqı isə bu təxribatları başa düşür. Xalq və hökumət burada ikinci cəbhənin açılmasına imkan verməyəcək. Gürcü xalqı destruktiv qüvvələrin məkrli planlarını həyata keçirməsinə şərait yaratmayacaq”.
V.Kapanadzenin sözlərinə görə, hazırda Qərb və ABŞ-nin beyin mərkəzləri Gürcüstanda çevriliş niyyətindədir. Hökumət bunu çox yaxşı başa düşür: “Tarixdə iki dəfə bu səhvi buraxmışıq. Sonuncu dəfə 2003-cü ildə “Qızılgül inqilabı”nda Qərb və ABŞ Mixeil Saakaşviliyə vədlər verərək hakimiyyətə gətirdi. Sonra vədləri yerinə yetirmədi və ondan, eləcə də gürcü xalqından istifadə etdi. Torpaqlarımızı itirdik, insanlarımız müharibədə həlak oldular.
Bu dəfə buna imkan verməyəcəyik, milli maraqlarımızı qoruyacağıq. Bu qanun qəbul ediləcək və hər şey qanun çərçivəsində olacaq”.
V.Kapanadze qeyd edib ki, Gürcüstanda siyasi oyunlar gedir: “Ölkədə ciddi siyasi oyunların şahidi oluruq. Təbii ki, indi baş verənlər qarşıdakı parlament seçkiləri üçün planlanmış məsələlərdir. Ona görə də, oktyabra qədər çətin dövrdən keçəcəyik. Gürcüstanda baş verən proseslər təbii ki, təkcə bizi yox, regionu da maraqlandırır. Çünki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh rolunu oynayan ölkələrdəndir. Mühüm strateji nöqtədə yerləşir. Şərqlə Qərbi birləşdirən məkandır. Təbii ki, Qərb və ABŞ burada böyük planlar qurur. Amma bütün bunlara baxmayaraq, təkcə Gürcüstanın yox, regionun inkişafı üçün əlimizdən gələni edəcəyik”.