Ali Radanın komitə üzvü: “Özəl hərbi şirkətlərlə bağlı qanunu qəbul edəcəyik”

“Ukrayna Ali Radasında özəl hərbi şirkətlərin fəaliyyətlərinin leqallaşdırılması ilə bağlı qanun layihəsinin qeydiyyata alınması geniş müzakirələrə səbəb olub”.

Ali Radanın Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Fedor Venislavski “Report”un Şərqi Avropa bürosuna bildirib ki, layihə üzərində hazırda əsaslı iş gedir:

“Müharibə başlayandan sonra bir çox insanın hərbi hazırlıqlar keçəcəyini və döyüşlərdə iştirak edənlərin təcrübəsi olacağını gözləyirdik. Bu cür insanlardan maksimum səmərəli istifadə etmək üçün bəzi modellərə başlamaq lazım olduğunu başa düşürdük”.

“Ona görə də özəl hərbi şirkətlərlə bağlı məsələ iki ildən artıqdır ki, parlament, komitə səviyyəsində müzakirə olunur”, - deyə deputat vurğulayıb.

F.Venislavski hesab edir ki, indi qeydə alınmış təşəbbüs daha da inkişaf etdiriləcək:

“Biz çox güman ki, özəl hərbi strukturların fəaliyyətinin yaradılmasını, istifadəsini tənzimləyən və hüquqi çərçivəyə salan qanun qəbul edəcəyik. Bu gün Ukraynada təhlükəsizlik fəaliyyəti haqqında qanuna uyğun olaraq, silah gəzdirmək və ondan istifadə etmək hüququ olan bir çox özəl mühafizə şirkətləri var. Bunlar təlim keçmiş insanlardır və təbii ki, özəl hərbi şirkət bir növ özəl mühafizə şirkəti olacaq. Bizim deputat həmkarlarımızın, deputatların böyük əksəriyyəti başa düşür ki, bu qanunu qəbul etmək lazımdır”.

Hərbi-siyasi şərhçi Taras Berezovets isə bildirib ki, bu ideyanı ölkəsində uğurlu hesab etmir:

“Özəl hərbi şirkətlərin yaradılması ideyası hazırda Ukraynada o qədər də populyar ideya deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Rusiyanın özəl hərbi şirkəti olan “Vaqner” sayəsində Ukraynada özəl hərbi şirkətlərlə bağlı son dərəcə mənfi imic formalaşıb. İkincisi, özəl hərbi şirkətlərə Ukrayna Silahlı Qüvvələrinin səfərbərlik resurslarının bir hissəsi verilə bilər”.

“Üstəlik, Rusiyadan fərqli olaraq, Ukraynanın səfərbərlik potensialı məhduddur. Buna görə də, daha sonra bu istiqamətdə mübarizə əsasən ərazi komplektləşdirilmə mərkəzləri ilə özəl hərbi şirkətlər arasında gedəcək. Nəticədə özəl hərbi şirkətlər hər zaman qalib gələcəklər, çünki onlar ən yaxşı şərtləri təklif edəcəklər. Aydındır ki, Ukraynada özəl hərbi şirkətin leqallaşdırılması barədə qərar qəbul ediləcək, çünki Ukrayna ən yaxşı ordulardan birinə və müvafiq olaraq özəl hərbi şirkətlərin sıralarını doldura biləcək ən yaxşı təlim keçmiş hərbi personala malikdir. Lakin bu, böyük ehtimalla Ukraynada müharibə başa çatdıqdan sonra baş verə bilər. Bundan sonra döyüş təcrübəsi olan yüz minlərlə hərbi qulluqçu formalaşacaq, onlar özlərini özəl hərbi şirkətlərin tərkibində sınamaq istəyə bilərlər. Amma hazırda bu, vaxtında verilməmiş qərar kimi görünür”, - deyə ekspert əlavə edib.

0.056782007217407