Şuşa sakini: “Tarix öyrətdiyimiz uşaqlar, şagirdlər özləri tarix yazdılar”
“Bu günlər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılmalıdır”.
Bunu Bakunews.media-a açıqlamasında Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Yeganə Seymur qızı İbadova deyib.
“Bu günlər mənə yuxu kimi gəlir. Sanki qəfil gözümü açıb bu yuxudan oyanacağam kimi gəlir mənə. Sevincimizin həddi-hüdudu yoxdur.
Bu gün ən yaxın rəfiqəmi Şuşaya yola salmağa gəlmişəm. Özüm müəlliməyəm və bu illər ərzində oğullarımızın şücaəti, şəhadəti barədə, Qarabağ həqiqətləri barədə şagirdlərimə məlumat çatdırmışam. Bizim o tarix öyrətdiyimiz uşaqlar, şagirdlər özləri tarix yazdılar, bizim 30 illik həsrətimizə son qoydular.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!” - deyə Y.İbadova qeyd edib.
Qeyd edək ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınıb. Bu mərhələdə daha 38 ailə (136 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova