Gündüz gecikən, axşam yoxa çıxan 79 nömrəli avtobuslar: Bu marşrut xətti YENİLƏNƏCƏK?

Son günlər 79 nömrəli avtobusun hərəkət intervalında gecikmələr var. Axşam saatlarında isə bu sərnişin avtobusunu tapmaq müşkülə çevrilib.

Bununla bağlı Bizim.media-ya 79 nömrəli avtobusdan mütəmadi istifadə edən sakinlər şikayətləniblər. İntervalın uzunluğundan, avtobusların natəmizliyindən və artıq istifadəyə yararsız olduğundan gileylənən sərnişinlər bu marşrut xəttinin avtobuslarının yeniləri ilə əvəz olunmasını istəyirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, 79 nömrəli marşrutda hərəkət intervalı 8-9 dəqiqə olmaqla 15 ortatutumlu avtobus fəaliyyət göstərir:

“Günün müəyyən saatlarında marşrut avtobusunun keçdiyi prospekt və küçələrdə yaranan nəqliyyat sıxlığı 79 nömrəli avtobusun hərəkət intervalının artmasına səbəb olur. AYNA tərəfindən daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi barədə tapşırıq verilib.

Bildiririk ki, müvafiq qanunvericiliyin tələblərinə cavab verməyən daşıyıcılar və onların istismarında olan marşrutlarda fəaliyyət göstərən nasaz nəqliyyat vasitələri mərhələli şəkildə daşımalardan kənarlaşdırılır”.

T.Orucov qeyd edib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb:

“Yeni marşrut şəbəkəsi dataəsaslı analitik alət olan Bakının “Rəqəmsal əkizi” vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

Hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var. Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir”.

0.04732084274292