Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə telefon danışığı aparıb
Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani arasında telefon danışığına dair məlumat yayıb.
Bildirilib ki, Azərbaycan XİN rəhbəri dəhşətli helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə dərindən kədərləndiyimizi qeyd edib, mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.
Nazir mərhum xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə səmimi və peşəkar təmaslar qurulduğunu, baş vermiş görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına və fikir ayrılıqları olan məsələlərin həllinə kömək etdiyini vurğulayıb.
Telefon danışığı zamanı, iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş zamanı əldə edilmiş razılıqların icrasının hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini bildiriblər.
İranının xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı üçün səfirliyə gəlməsinin, başsağlığı məktubu göndərməsinin, xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən başsağlığı məktublarının göndərilməsinin yüksək hörmət əlaməti olduğunu bildirib və buna görə dərin minnətdarlığını çatdırıb.
Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
16:24
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə telefon danışığı aparıb.
Bakunews.media xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə doqquz nəfər həlak olub.
Hazırda Əmir-Abdullahianın vəzifələrini Əli Baqeri Kani icra edir.