Ali Radanın deputatı: "İstanbulun imkanlarından niyə də istifadə etməyək?"
Prezidentlik müddəti mayın 20-də başa çatan Ukrayna lideri Volodimir Zelenskinin qeyri-müəyyən statusu ilə bağlı dünya mediasında çoxlu məqalələr var. Birləşmiş Millətlər Təşkilatı da bu problemdən danışıb. BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, qurum səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, Zelenskini legitim prezident hesab etməyə davam edəcək.
Zelenskinin özü dünən "Reuters"ə müsahibəsində bildirib ki, onun prezident kimi beş ili hələ başa çatmayıb. "Hərbi vəziyyətə görə müddət davam edir", - deyə o bildirib.
Ukrayna Ali Radasının Batkivşina Partiyasından olan deputatı Aleksey Kuçerenko Bakunews.media-a vəziyyəti şərh edib.
- Qərb ekspertləri, analitikləri və KİV Prezident Zelenskinin qeyri-müəyyən statusundan yazır ki, bu da Ukraynanın beynəlxalq tərəfdaşlarla münasibətlərini çətinləşdirə bilər.
- Bu barədə yazan jurnalistlər, ekspertlər müharibə aparmayan ölkələrdə yaşayırlar. Bəli, biz onların narahatlığını nəzərə almışıq. Amma yaxşı olardı ki, onlar bu gün Ukraynaya vəd edilmiş silah təchizatı proqramları, o cümlədən hava hücumundan müdafiə sistemləri və s. ilə nə dərəcədə kömək etmək iqtidarında olduqlarını düşünsünlər.
Bəli, kiminsə bəzi sualları ola bilər. Amma ümumilikdə, düşünürəm ki, insanların çoxu vəziyyətin unikallığını başa düşür. Mən sizə məsuliyyətlə bildirirəm ki, bu gün Ukraynada seçki keçirmək mümkün deyil. Bundan əlavə, hərbi vəziyyətə aid müvafiq qanun müddəası var. Ukraynada prezidentin hansısa, hətta qismən də qeyri-legitimliyindən söhbət gedə bilməz, bu, birmənalıdır.
Vəziyyət çətindir və hamının xoşuna gəlməyə bilər. Mən prezident düşərgəsinə mənsub deyiləm, lakin bu gün dövlət başçısının legitimliyi şübhə altına alına bilməz. Ərazimizin 20 faizi əlimizdən alınıb, hazırda Sumı və Xarkov vilayətlərinin işğalı gedir, ümumilikdə bütün təmas xətti boyunca döyüşlər gedir. Hazırda Ukraynadakı kimi vəziyyət Avropada, yəqin ki, 1945-ci ildən bəri baş verməyib.
- Bəs niyə Konstitusiya Məhkəməsinə bütün məsələlərə nöqtə qoyacaq müraciət olmadı? Zelenskinin legitimliyi ilə bağlı heç bir müzakirə də olmazdı...
- Bizim siyasi qüvvəmiz - Yuliya Timoşenkonun rəhbərlik etdiyi Batkivşina Partiyası bu qənaətdədir ki, hazırkı vəziyyət qanun və konstitusiyamız çərçivəsindədir. Bizim buna heç bir şübhəmiz yoxdur, ona görə də bu məsələni qaldırmadıq. Kiminsə şübhəsi varsa, Konstitusiya Məhkəməsinə müraciət etsin.
- Bu mövzuda mövqeyiniz aydındır. İsveçrədə Ukrayna üzrə iyun ayında baş tutmalı olan sülh sammitinə keçək. Bu forumdan nə gözləyirsiniz?
- Böyük gözləntilərimin olduğunu deyə bilmərəm, amma "çəhrayı eynək"lərimizi çoxdan çıxarmışıq. Təbii ki, müsbət təsir istərdim. Amma biz adekvat ölkələrdən dəqiq dəstək gözləyirik.
Dünyanın təşkili üçün yeni format və qlobal təhlükəsizlik sistemi axtarışı gedir. Bu sammit yeni konstruksiyanın tapılması yolunda mərhələlərdən biri ola bilər.
- Getdikcə daha çox Ukrayna və Rusiya arasında atəşkəsə dair danışıqlardan söz açılır. Bəziləri Koreya ssenarisi üzrə atəşkəs razılaşmasının əldə olunması (bunun nəticəsində Cənubi və Şimali Koreya yaranıb) ehtimalını qeyd edirlər. Sizcə, danışıqlar üçün perspektivlər var, yoxsa sona qədər müharibə?
- Koreya ssenarisi hətta müzakirə mövzusu kimi Ukrayna üçün mümkün deyil. Bu variantın nəyə gətirib çıxardığını anladıq, Şimali Koreyanın necə olduğunu görürük.
- Bəs danışıqlar mümkündürmü? 2022-ci ildə İstanbul formatı var idi. Razılığa gəlinmədi, lakin bir çox ekspertlər bunun kifayət qədər uğurlu olduğunu deyirlər...
- Danışıqlar (gəlin bunu məsləhətləşmələr adlandıraq) artıq gedir, sadəcə, biz onları görməyə bilərik. Amma perspektivlərdən danışırıqsa, o zaman əsas mövqeləri müəyyən etməliyik. Ukrayna mövqeyini - o cümlədən 2022-ci il fevralın 24-nə (Rusiyanın Ukraynaya hərbi müdaxiləsi - red.) olan sərhədlər üzrə, açıq şəkildə ortaya qoyub.
- Məgər Ukrayna 1991-ci ilə qədərki sərhədlərdən danışmayıb?
- Yaxşı sualdır. Təbii ki, biz konstitusiyamızın hüdudlarından kənara çıxa bilmərik. Amma mən mərhələ-mərhələ nəzərdə tuturam. Ayıq düşünmək lazımdır. Qlobal miqyasda, təbii ki, söhbət 1991-ci ilin sərhədlərindən gedir, lakin aralıq vəziyyətin qorunub-saxlanmasının mərhələlərindən biri də 2022-ci ilin sərhədləri ola bilər.
İstanbul platformasına gəlincə, Türkiyə ciddi regional liderdir, nüfuzlu ölkədir, güclü prezidenti var. İstanbulun imkanlarından niyə də istifadə etməyək?..
Nair Əliyev