Oxu.Az-ın baş redaktoru: "Hər məruzə aparılan mübarizənin məntiqi sonluğunu tamamlayırdı"

Azərbaycan əsgərinin əzmi, ölümə qalib gələn vətən həsrəti, bu həsrətdən doğan şücaət və mübarizə. Sonda isə, hərbi ritorikaya uyğun qaydada edilmiş qalibiyyət məruzəsi. Hansı ki son məruzədən nə az, nə çox 638 gün keçib.

"Möhtərəm Prezident, cənab müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən Azərbaycan Ordusu Laçın şəhərinin Zabux, Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Məruzə etdi ordu korpusunun komandiri general-mayor Kənan Seyidov!" Təxminən belə səslənirdi həmin məruzə. Qələbələri sıraladıqca bu tip mesajlara öyrəşsək də, qanımızda-canımızda 30 ilin aclığı var idi. Hər məruzə ayrıca mənəvi rahatlıq verir, aparılan mübarizənin məntiqi sonluğunu tamamlayırdı.

Bu gün də məruzə edildi. Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan Respublikasının nəzarətinə qaytarıldı. Bağanıs Ayrım kəndi 1990-cı ilin mart ayında Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Erməni əsgərləri burada 10 nəfərin həyatına son qoyub, 15 nəfəri isə yaralamışdılar. Kəndin əsas üstünlüyü isə ondan ibarət idi ki, İcevan - Noyamberyan avtomobil yolu üzərində yerləşirdi. Strateji əhəmiyyət kəsb edən kəndi ələ keçirmək istəyinin arxasında gələcəkdə Azərbaycan ərazilərinin işğal edilməsi üçün həmin yoldan daha rahat istifadəni təmin etmək idi. Amma bu kəndin işğalı ilə bağlı elə dəhşətli faktlar var ki, nə müharibə qanunlarına sığır, nə insanlığa. Belə ki, kəndin işğalı zamanı yeddi nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qaldı, onlar diri-diri ocağa atıldı, iki nəfər güllələndi. Ocaqda yandırılan insanların kiçiyi 39 günlük körpə, böyüyü isə 70 yaşında ahıl idi. Ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğal siyasətinin ilk qurbanı olan Qazaxın Bağanıs Ayrım kəndi artıq Azərbaycanın nəzarətindədir. Necə ki Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı. Azərbaycan ərazi bütövlüyünü bərpa edir.

Sadəcə bu dəfə güllə atılmadan, ağır artilleriya işləmədən, şəhid verilmədən. Birinci Qarabağ müharibəsində Qarabağla yanaşı düşmən işğalına məruz qalmış kəndlərin diplomatik yolla, siyasi bacarıqla qaytarılması dünən yuxu kimi görünürdüsə, bu gün həmin kəndlərdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əsgərləri növbə çəkir. Bu müddət ərzində Azərbaycan hər kəsə başa saldı ki, məsələləri qaba güc istifadə etmədən də həll etmək olardı. Necə ki, hazırda bu baş verir. Amma görünən odur ki, bütün dünyanın bunu anlaması üçün 44 günlük manifestə ehtiyac var imiş. Hərbi strategiyası və verdiyi düzgün qərarları ilə səngərdə qazanılan qələbənin davamını İlham Əliyev diplomatik sferada daha da qətiyyətlə davam etdirir. Nəzərə alsaq ki, qələbənin ölçüsü məhz onun çətinliyi ilə ölçülür, o zaman həm hərbi, həm də siyasi sahədə qazandığımız möhtəşəm uğurlar müqəddəs sərhədlərimiz çərçivəsində üçrəngli şanlı bayrağımızın daim dalğalanacağının qarantıdır.

Bakunews.media saytının baş redaktoru Ülvi Səfərov

0.043267011642456