"Kaspi"nin "Məktəbdə" layihəsinin qonağı: "Azərbaycanı bütöv və güclü görmək istəyirdilər"
Musa Qasımlı: "Onların arzuları həyata keçdi. Onlar nə istəyirdilər? Azərbaycanı bütöv və güclü görmək. İndi Azərbaycan ərazisində separatizmin kökü kəsilib".
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzeti tərəfindən reallaşdırılan "Məktəbdə" layihəsinin qonağı olan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarixçi-alim Musa Qasımlının fikirləri məktəblilər üçün əsl dərs olub.
Yasamal rayonu 13 nömrəli tam orta məktəbdə keçirilən görüşdə məktəbin direktoru Yaqut Sadıqova bu tip tədbirlərin şagirdlərin həyatında mühüm rol oynadığını, onların yaddaşına ömürlük yazıldığını bildirib.
"Cümhuriyyət dövrü xadimləri sağ olsaydı..."
M.Qasımlı öncə auditoriyaya "2020-ci ildən əvvəlki dövrlə indiki dövr arasında hansı fərqi görürsünüz?" sualını ünvanlayıb. Şagirdlərdən birinin "biz indi müstəqil və azad Azərbaycanın gəncləriyik" cavabı qonağı məmnun edib:
"2020-ci ilə qədər torpaqlarımız işğal altında idi. Deyirdilər, torpaqlarımız qayıdacaq, amma biz inanmırdıq. Prezident İlham Əliyev bu problemi həll etdi, sizdən sonrakı nəsillərə saxlamadı".
Millət vəkili qeyd edib ki, Cümhuriyyət dövrü xadimləri sağ olsaydılar, Prezident İlham Əliyevlə fəxr edərdilər. Çünki onların arzuları həyata keçib:
"Onlar nə istəyirdilər? Azərbaycanı bütöv və güclü görmək. İndi Azərbaycan ərazisində separatizmin kökü kəsilib. Bunun memarı İlham Əliyevdir. O səlib yürüşlərindən, I Pyotrdan bəri bizim regiona ermənilərin gətirilməsi planını darmadağın etdi".
Tarixçi-alim Cümhuriyyət dövrünün üç böyük hadisə ilə millətimizin gələcəyinə təsir etdiyini vurğulayıb:
"Bir nümunəsi 28 mayda Cümhuriyyətin elan olunmasıdır. Əgər bu hadisə olmasaydı, Azərbaycan Sovet Sosialist Respublikası olmazdı. Bu respublika olmasaydı Azərbaycanın müstəqilliyi elan olunmazdı. İkinci böyük hadisə Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk əsgərlərindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi və paytaxt elan olunması idi. Cümhuriyyətin üçüncü böyük hadisəsi 1920-ci ilin yanvar ayında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması idi".
"Dövlətin güclü olması hər bir fərdin marağındadır"
M.Qasımlı qeyd etdi ki, bu gün Azərbaycan xalqı qalibdir:
"Biz Xocalı soyqırımını, Şuşanın, Zəngilanın, Ağdamın, Kəlbəcərin işğalını qeyd edirdik. Amma indi Laçının "Şəhər günü"nü, Şuşanın, Kəlbəcərin azad edilməsi günlərini qeyd edirik. Biz şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində torpaqlarımızı azad etdik. Biz dövlət, qayda-qanun, düzən millətiyik, xaos, anarxiya milləti deyilik. Bizi irəli aparan güclü dövlət olub. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gələndə ilk işi dövlət qurmaq olub. Bizim inkişafımızın təməlində güclü dövlət dayanır. Bizim dövlətin güclü olması hər bir fərdin marağındadır. Dövlət bizim üçün müqəddəsdir. Bizim qələbəmiz də güclü dövlət sayəsində mümkün oldu. Bu, bütün türk dünyasının qələbəsi idi".
"Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi"
Şagirdlərdən birinin "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 106 il ötür. Həmin tarixi dövrü qısa olaraq şərh etmiş olsanız ən vacib olan hansı məqamları qeyd edərdiniz?" sualına tarixçi-alim belə cavab verib:
"Cümhuriyyət elan edildikdən dərhal sonra milli hökumət yaradıldı. Xarici İşlər Nazirliyi, ordu, xüsusi xidmət orqanları yaradıldı, sərhəd və gömrük xidməti quruldu. Parlamentdə dövlət atributları - himn və bayraq qəbul edildi. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. Bakı Dövlət Universiteti yaradıldı, mədəniyyətə xüsusi diqqət yetirildi, teatrlar, kitabxanalar formalaşdırıldı. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Cümhuriyyətin yaradıcıları çox böyük işlər gördülər".
"Müəllimi hörmətdən salmaq olmaz"
Auditoriyadan ünvanlanan "Özünüzün məktəb və tələbəlik dövrünüzlə müqayisə etsəniz, hazırda məktəbin və müəllimin nüfuzu qaneedicidirmi?" sualının cavabı da maraqlı olub:
"Mən kənd məktəbində oxumuşam. Çətin şəraitdə oxuyurduq. Evdən məktəbə odun aparıb yandırırdıq. O məktəbdən çox böyük adamlar çıxdı.
İndi dövlət sizin üçün hər cür şərait yaradıb. Ən ucqar kəndlərdə belə, gözəl məktəblər tikilib. Ancaq indi fərqli bir mənzərənin şahidi oluram və bu məni üzür. Müəllim uşağı danlayanda valideyn məktəbə hücum çəkir. Bu, yanlışdır. Valideyn təkcə qapını açıb uşağı məktəbə yola salmamalıdır, övladı ilə maraqlanmalıdır. Məktəb-valideyn münasibətləri sıx olmalıdır. Müəllim hər şeyi öyrədə bilməz. Müəllim öyrənməyin yolunu öyrətməlidir. Mən sertifikatlaşmanın tərəfdarıyam. Heç kim Elm və Təhsil Nazirliyini qınamasın. Məktəblər sağlamlaşmalıdır. Müəllimi hörmətdən salmaq olmaz. Müəllim ustaddır. Ancaq dərs verməyən, ürəyini auditoriyaya verə bilməyən müəllim getməlidir".
"Savadsızlıq özü ilə cəhalət, xurafat gətirir"
"Bugünkü gənclikdən razısınızmı?" - deyə soruşan şagirdə qonaq "Bizim çox istedadlı və bacarıqlı gənclərimiz var" cavabını verib:
"Təbii ki, hamısı general, alim, mühəndis olmayacaq, amma müəllimin üstünlüyü ondadır ki, onların arasından ağıllıları seçsin. Bir valideynin övladı savadsızdırsa, nəticəsi necə olacaq? Savadsızlıq özü ilə cəhalət, xurafat gətirir. Şagirdlə ilk növbədə valideyn məşğul olmalıdır, onu əməyə öyrətməlidir. Vacib deyil, mütləq hamı ali təhsil alsın. Almaniyada daha çox peşə təhsilinə üstünlük verirlər. Əsas gəncliyin zəhmətə, nizam-intizama öyrədilməsidir".