Sergey Strokan: "Ermənistanın faciəsi ikili kimliyindədir"
"Ermənistanın faciəsi ikili kimlik, həmçinin həqiqi və yalan narrativlərin mübarizəsindədir. Yalan narrativ dedikdə "tarixi, ənənəvi Ermənistan"ı nəzərdə tuturam. İstənilən ölkə yalnız real ola bilər. Mifologiya əsasında inkişaf strategiyası qurmaq mümkün deyil".
Bunu tanınmış rusiyalı siyasi şərhçi Sergey Strokan Erməni Apostol Kilsəsinin (EAK) Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın mayın 26-da ümummilli mitinq elan etməsini -a şərh edərkən bildirib.
Qeyd edək ki, Qalstanyan bu mitinqdə konkret fəaliyyətləri elan edəcəyini, həmçinin sərhədinin delimitasiyası və demarkasiyasına qarşı etirazların üçüncü - son mərhələsinə keçidi vəd edib. Bundan əlavə, o, Nikol Paşinyanı əvəz etməli olan baş nazir namizədini elan edəcəyini açıqlayıb. Hazırda məlumdur ki, müxalifətin baş nazir namizədi kimi o özünü görür.
Strokan bildirib ki, əslində, bir din xadimini baş nazir - iqtisadi menecer vəzifəsində təsəvvür etmək çətindir.
"Yəqin ki, Nikol Paşinyanı devirmək üçün bir növ taran rolunu oynayacaq bir fiqur tapmaq lazım idi. "Qarabağ klanı"nın "təmsilçiləri" Ermənistanın keçmiş rəhbərləri (Robert Koçaryan və Serj Sarqsyan - red.) erməni cəmiyyətində populyar deyillər. Nəticədə, potensial olaraq alternativ bir lider kimi təqdim edilə biləcək yeni bir fiqur meydana çıxdı. Baqrat Qalstanyan idarə etmək üçün deyil, alternativ görüntüsü yaratmaq üçün meydana çıxdı. Onun iqtisadi, xarici siyasət proqramları haradadır? O, hansı şüarla gəlir? "Paşinyanı devirək!" şüarı ilə, lakin onu hamı Paşinyanın bütün hakimiyyəti dövründə dəfələrlə eşidib.
Ermənistan müxalifətinin əsas problemi ölkəyə təklif olunan inkişaf strategiyasının görünməməsidir. Aydındır ki, Azərbaycanla sülh, demarkasiya istəmirlər. Bəs nə istəyirlər? Qarabağı geri qaytarmaq və onlar üçün yaxşı olmasını? Bəs bu "yaxşı"nı necə etmək olar? Burada isə problemlər başlayır".
Politoloq bir rusiyalı ekspertin şərhini sitat gətirərək vurğulayıb ki, Baqrat Qalstanyanın hekayəsi "real Ermənistan" və "ənənəvi Ermənistan" arasında bir döyüşdür.
"Mən sual verərdim: "Ənənəvi Ermənistan" nədir? "Real Ermənistan"ın nə olduğunu başa düşürəm - öz potensialını dərk etmək və ölkənin nəyə imkanı olacağını və nəyə olmayacağını anlamaq. Bəs "ənənəvi Ermənistan" - o necə bir şeydir? "Nuh gəmisi dövrü" Ermənistanı, "dənizdən dənizə" Ermənistanı? Mövcud olmayan bir "ənənəvi Ermənistan" əsasında gələcəyə yönəlmiş bir ölkə necə qurula bilər? Paşinyana qarşı çıxan bütün insanların problemi ondan ibarətdir ki, bütün strategiyalarını fobiyalar, miflər, əzəmət və s. üzərində qurmaq istəyirlər", - deyə o vurğulayıb.
Strokan bildirib ki, Qalstanyanın arxasında dayananın və "Vətən uğrunda Tavuş" hərəkatının faktiki rəhbərinin Robert Koçaryan olduğunu dolayı göstəricilərə əsasən - etirazların tipologiyası və şüarlarına görə demək olar.
Nair Əliyev