Geri dönən həyat: Kliniki ölüm zamanı nə baş verir?

Həkimlərin bir çoxunun təcrübəsində kliniki ölüm keçirən, komaya düşən xəstəsi olur. Kliniki ölüm üç-altı dəqiqə ərzində yaşanır. Bəzən real həyatda kliniki ölüm keçirənləri bilməyərəkdən dəfn edirlər. Belə hadisələr nadir hallarda yaşansa da, Azərbaycanda da baş verdiyi istisna deyil.

Məsələn, mərhum Xalq artisti Gülşən Qurbanovanın da kliniki ölüm keçirdiyi, həkim müdaxiləsi olmadan diri-diri torpağa tapşırılması barədə irəli sürülən iddialar bunu təsdiqləyir. Bir çoxları isə bunun şayiə olduğunu bildirirlər. İndiyə kimi aktrisanın müəmmalı ölümü ilə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar yaranıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bizim.media-ya bildirib ki, kliniki ölüm nəfəsin, nəbzin olmaması və huşun itməsi ilə xarakterizə olunan vəziyyətdir:

"Yəni bu situasiyadan insan geri dönərsə, həyat funksiyalarının hamısını saxlayır, huşu özünə gəlir, ürək fəaliyyəti bərpa olur. Kliniki ölümün müddəti uzun çəkə bilməz. Müddət ətraf havanın temperaturundan və kliniki ölümə gətirən səbəbdən asılı olaraq dəyişə bilir. Yəni bu, altı və ya 16 dəqiqə də çəkə bilər. Əlbəttə ki, kliniki ölüm dərhal reanimasiya tədbirləri tələb edən situasiyadır".

Adil Qeybulla qeyd edib ki, zamanında bu hala düşən adama qarşı tədbir görülməsə, bioloji ölüm baş verə bilər:

"Bu, artıq geridönməz vəziyyətdir, beyin ölümü baş verir. Revmatoloqların və ayrı-ayrı həkimlərin təcrübəsində bu kimi hallar baş verir. Bu cür hadisə baş verən zaman ilkin tədbir süni ürək masajı və süni tənəffüsdən ibarətdir".

Qeyd edək ki, dini mənbələrimizdə ölüm ruhun bədəndən çıxması kimi təyin olunsa da, bu ayrılığın vaxtı və forması müəyyən edilməyib. Bu baxımdan ölümün hansı şəraitdə və nə vaxt baş verdiyini təyin etmək mümkün olmur.

Maraqlıdır, bəs din kliniki ölüm barədə nə deyir? Bu ölümü keçirənlər Əzrayıl mələyini görürlərmi?

İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı bildirib ki, kliniki ölüm əslində ölüm deyil:

"Bunu yarı ölüm adlandırmaq olar. Bir sıra kliniki ölüm keçirən şəxslər heç nə xatırlamırlar. Ancaq elələri var ki, bu zaman nələr gördüyünü danışırlar. Beyin ölmədiyinə görə həyatla ölüm arasında illüziyalar görürlər. Bu sahədə araşdırma aparıblar, hətta "Ölümdən sonrakı həyat" adlı bir tədqiqat əsəri də var, orada kliniki ölüm keçirmiş adamlar danışırlar, çoxu mələk, qara tunel gördüklərini deyirlər.

Bəli, insan vəfat edərkən onun ruhunu ölüm mələkləri təslim alır. İnsanı Allah öldürür, mələk sadəcə ruhu təslim alandır. Olsun ki, bu işə müvəkkil olan mələklər insanı ölmüş zənn edib müdaxilə edirlər, lakin Allahın ölüm qərarı vermədiyini görüb dönürlər. Həyat ilə ölüm arasında pərdə var.

Kliniki ölüm zamanı bu pərdə bir az aralanır".

0.045036792755127