Azərbaycanın sabiq müdafiə naziri dəfn edildi

Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

"Trend" xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o, vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.

Vurğulanıb ki, general-mayor D.Rzayevin xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

0.087248086929321