"Birinci Dünya müharibəsinin qalibi olan dövlətlər "Azərbaycan" adına etiraz edirdilər"

"Birinci Dünya müharibəsinin qalibi olan dövlətlər "Azərbaycan" adına etiraz edirdilər. Eyni münasibəti bir əsr sonra da gördük".

Bunu tarixçi-alim Boran Əziz Bakunews.media-ın əməkdaşı ilə cümhuriyyət tariximizə dair söhbətində bildirib. O, dövlətçilik tariximizdə Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi bir yeri olduğunu vurğulayıb:

"Bizim dövlətçilik tariximiz e.ə. III-II minillikdən başlasa da, cümhuriyyətə qədər yaradılan heç bir dövlətin adı Azərbaycan, paytaxtı Bakı olmamışdı. Belə bir dövlət məhz Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları tərəfindən yaradıldı. Xalqımızın cümhuriyyətə olan sevgisi, hörməti tamamilə anlaşılandır. Çünki cümhuriyyətə qədər yaradılan dövlətlər sülalə dövlətləri idi.

İlk dəfə idi ki, Azərbaycanın müxtəlif yerlərində yaşayan, fərqli zümrələrindən olan ziyalılar sahibkarlarla bərabər bir ideologiya ətrafında birləşərək dövlət qura bildilər. Onlar cümhuriyyətin verdiyi imkanlardan sui-istifadə etmədilər, çapıb-talamaqla məşğul olmadılar. Əksinə, min bir əziyyətlə qurduqları cümhuriyyətə mal-mülklərini sərf etdilər".

Tarixçi bildirir ki, cümhuriyyət fəaliyyət göstərdiyi dövrdə xeyli problemlə qarşılaşmışdı:

"Ən böyük problemi qaçqın və didərginlərlə bağlı idi. Həmin dövrdə ermənilərin antimüsəlman, antitürk siyasəti nəticəsində onminlərlə azərbaycanlı qətlə yetirilmiş, yüzminlərlə sakin didərgin düşmüşdü. Cümhuriyyət hökuməti bu qaçqınları yerləşdirməli, işlə təmin etməli idi. Məsələni ağırlaşdıran başqa bir durum da vardı: hər gün Dərbənd keçidi vasitəsilə Dağıstandan da xeyli sayda qaçqın Azərbaycana gəlirdi. Cümhuriyyətçilər onları da qəbul edir, gündəlik ərzaq xərclərinin ödənməsi, işlə təmin edilmələri ilə məşğul olurdular.

Cümhuriyyət rəhbərləri milli, dini, irqi ayrı-seçkilik etmirdilər. Həmin dövrdə valideyn himayəsindən məhrum olmuş və köməksiz qalmış erməni, yəhudi və rus uşaqlarının, qocalarının saxlanması üçün dövlət pul ayırırdı. İndi Azərbaycan dövləti həmin siyasətin davamını daha geniş və böyük miqyasda həyata keçirir".

B.Əziz qeyd edib ki, Azərbaycan o zaman da, indi də böyük dövlətlərin düşmən münasibəti, təzyiqləri ilə üzləşib:

"Torpaqlarımız Rusiya imperiyası tərəfindən vahid Azərbaycan adında deyil, xanlıqlar formasında işğal olunmuşdu. Çar Rusiyası bizim torpaqlarımızı parça-parça edərək quberniya və qəzalara bölmüşdü.

Cümhuriyyət yaranan zaman Azərbaycanın hara olması ilə bağlı yarımçıq təfəkkür mövcud idi, Azərbaycan adlı dövlət yox idi. Cümhuriyyətçilər "Azərbaycan" adını qəbul etdirdilər.

Qeyd edim ki, Birinci Dünya müharibəsinin qalibi olan dövlətlər "Azərbaycan" adına etiraz edirdilər. Eyni münasibəti bir əsr sonra da gördük. Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində bildirmişdi ki, "torpaqlarımızı işğaldan azad edərkən bir sıra dövlətlər mənfi yanaşdılar, çünki bu, onların formalaşdırdığı siyasətin iflası deməkdir, daşlar yerindən oynadı".

Tarixçi bildirib ki, hazırda Azərbaycan Respublikası sələfinin yarımçıq qalan işlərini reallaşdırır:

"Cümhuriyyət qurucuları sözün gerçək mənasında bütün təhdidlərə dövlət ərkanına uyğun cavab verdilər. Bunun nəticəsində 1920-ci il yanvar ayının 11-də Paris sülh konfransında müstəqilliyimiz tanındı. Bu, böyük uğur idi. Vətəndən uzaqda Azərbaycanın istiqlaliyyəti uğrunda savaşan, mübarizə aparan adamlarımızın ruhları şaddır indi.

Bugünkü Azərbaycan Respublikası sələfinin yarımçıq qalan işlərini reallaşdırır. 23 ay ömür sürən cümhuriyyətimizin bərpasından təxminən 30 il sonra, 44 günlük müharibə ilə torpaqlarımız yadelli işğalçılardan azad olundu, 2023-cü ildə isə separatizm mənbəyi ləğv edildi, bu günlərdə Qazaxın dörd anklav kəndi qaytarıldı. İndi Azərbaycan nüfuzlu dövlətə çevrilib, onunla hesablaşırlar".

Nəzrin Vahid

0.085892915725708