Göyərtəsində 172 sərnişin olan təyyarə raket hücumlarından son anda xilas oldu

İsrail ordusu Suriyaya raket zərbələri endirərkən göyərtəsində 172 sərnişin olan təyyarə enişə hazırlaşıb. Ancaq dispetçerlərin operativ fəaliyyəti və avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminin səmərəli işləməsi sayəsində “Airbus-320”ni hücum zonasından çıxararaq, yaxınlıqdakı aerodroma çəkmək mümkün olub.

TASS-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 6-da gecə vaxtı baş verib. İsrailin “F-16” qırıcıları Dəməşq ətrafına “hava-torpaq” raketləri ilə hücum həyata keçirib. Həmin vaxt Tehrandan gələn “Airbus-320” layneri enişə hazırlaşıb. Hücuma görə o, Rusiyanın Suriyadakı Hmeymim bazasına eniş etmək məcburiyyətinə qalıb.

RF Müdafiə Nazirliyindən vurğulanıb ki, Suriya RƏM-nin cavab atəşindən qorunmaq üçün mülki təyyarələrdən istifadə etmək İsrail HHQ-nin xarakterik xüsusiyyətinə çevrilib.

Qeyd edək ki, fevralın 6-da gecə Dəməşqə raket hücumu olub. Buna cavab olaraq Suriya tərəfi düşməninin bir neçə hədəfini vura bilib.

0.37704014778137