Natalya Plaksiyenko-Butırskaya: "İndi iddiasına rəğmən, Fransanı qlobal oyunçu adlandırmaq çətindir"

Dünən, mayın 29-da Fransa Polineziyası Parlamentinin komissiya rəhbərləri və katibləri, hakim Tavini Partiyasının rəhbərliyinin nümayəndələri Azərbaycana gəliblər. Azərbaycan ilə Fransa Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir. Bundan əlavə, səfər çərçivəsində Milli Məclisdə "Fransız Polineziyasının dekolonizasiya hüququ: Çağırışlar və perspektivlər" mövzusunda konfrans təşkil olunacaq.

Böyük Britaniyanın "Spectator" jurnalının icmalçısı Conatan Millerin daha əvvəl qeyd etdiyi kimi, Fransız Polineziyası yerli əhalinin müstəqillik uğrunda mübarizəsi səbəbindən siyasi böhran içindədir. Bənzər bir vəziyyət Fransanın bir çox digər dənizaşırı ərazilərində də yaranıb. Miller hesab edir ki, yalnız fransızlar nə baş verdiyini başa düşmürlər: Günəş Fransa imperiyasının qalıqlarının üzərində qürub etməkdədir.

Britaniyalı icmalçı xatırladıb ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron imperator rolunu oynamaq üçün Hind okeanındakı Mayotta və Sakit okeandakı Yeni Kaledoniyaya səfər edib, amma onun imperiyası gözümüzün qabağında məhv olur.

Xatırladaq ki, Yeni Kaledoniyada bir neçə həftə ərzində yerli əhali olan kanakların siyasi təsirini azaldan Fransa qanunvericiliyində edilən dəyişikliklərdən qəzəblənən kanaklar etirazlar keçiriblər, çünki 10 ildən çox müddət ərzində arxipelaqda yaşamış Fransa vətəndaşlarına yerli seçkilərdə iştirak hüququ verilməsi nəzərdə tutulurdu. Hazırda bu qanunun müzakirəsi müvəqqəti olaraq dondurulub, lakin Fransadan buraya köçürülən jandarmlardan və xüsusi təyinatlılardan ibarət fransız təhlükəsizlik qüvvələrinin böyük bir kontingenti Yeni Kaledoniyada qalır.

Ukraynalı şərqşünas, Şərqi Asiya üzrə ekspert Nataliya Plaksiyenko-Butırskaya Bakunews.media-ın suallarını cavablandırarkən qeyd edib ki, o, britaniyalı icmalçı Conatan Millerin "Spectator" jurnalında Fransanın müstəmləkə imperiyasının parçalanması ilə bağlı fikirləri ilə razılaşır:

- Biz görürük ki, Fransanın təsir edə biləcəyi əraziləri getdikcə azalır. Göz qabağındadır ki, müstəmləkəçilikdən sonrakı təsir zəifləyir.

- Amma Fransa bütün gücü ilə faktiki olaraq müstəmləkə olan Yeni Kaledoniyadan yapışıb, bu isə artıq keçmişin qalıqlarıdır. Niyə? Məsələ yalnız resurslardır (məlumdur ki, Yeni Kaledoniyada nikel və digər qiymətli mineralların böyük ehtiyatları var)?

- Düşünürəm ki, burada başqa bir məqam böyük rol oynayır. Fransa kifayət qədər uzun müddətdir ki, bu regionda mövcuddur və eyni zamanda, onun dünyada çoxlu əraziləri, o cümlədən, daha öncə dediyim kimi, təsir etdiyi keçmiş müstəmləkələri də qalmayıb. Fransa, ümumiyyətlə, çoxlu dənizaşırı torpaqları olan bir ölkə kimi əhəmiyyətli nüfuzunu itirib. Bu, təkcə Hind-Sakit okean regionu ilə bağlı deyil - Fransa burada uzun müddət mövcud olmasına baxmayaraq, o qədər də görkəmli oyunçu deyil. İndi burada əsas aktorlar ABŞ və Çin Xalq Respublikasıdır (ÇXR).

Paris, heç olmasa, hər hansı şansı olan yerdə qalmaq istəyir. Afrikada bu, nəticə vermədi. İndi iddiasına rəğmən, çətinliklə qlobal oyunçu adlandırıla bilən Fransa tədricən Afrikadan sıxışdırılır.

- Yeni Kaledoniyada vəziyyəti necə müharibə həddinə çatdırmaq olardı? Axı vəziyyətin çox gərgin olduğu Fransanın nəzarətində olan digər bölgələr də var.

- Düşünürəm ki, bu, Fransanın diplomatik, iqtisadi və siyasi zəifliyinin təzahürüdür, regionlarla (dənizaşırı ərazilər - red.) qarşılıqlı əlaqənin olmamasının təzahürüdür.

Eyni zamanda, biz dünyada dərin geosiyasi transformasiyaların şahidiyik. Müxtəlif regionlarda iri dövlətlərin təsiri azalır. Rusiya Fransanın mövcud olduğu Afrika ölkələrinə daxil olmağa çalışır, ÇXR isə ümumiyyətlə orada məskunlaşıb. ÇXR Sakit okean regionu ölkələrinə də təsir edir.

Müxtəlif statuslu ölkələr və ərazilər öz seçimlərinə çox praktiki yanaşır və digər dövlətlərlə əməkdaşlıqdan mümkün faydaları (ilk növbədə iqtisadi) qiymətləndirirlər. Yanaşma belədir: əgər konkret ölkənin təsir dairəsindəsinizsə, onda siz ondan maksimum fayda əldə etməlisiniz. Fransa isə öz təsir dairəsində qalan ərazilərə kifayət qədər siyasi, diplomatik və iqtisadi diqqət yetirmir və onların tələblərini təmin edə bilmirdi. İndi də Çin öz kreditləri ilə ortaya çıxıb, bundan sonra, təbii ki, əvvəllər bu ərazilərdə dominantlıq edən ölkələrə veriləcək daha çox suallar yaranır.

Mənim nöqteyi-nəzərimdən, biz Fransanın öz təsirini itirdiyi bir dünyanın transformasiyasını müşahidə edirik.

Nair Əliyev

0.043413877487183