Nüsrət Süleymanov: "İqlim dəyişikliyilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik"
"Minatəmizləmə sahəsində böyük təcrübə qazanan və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni əldə etmək bizə baha başa gəlib".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransının yekununda çıxışı zamanı deyib.
Mina və partlamamış hərbi sursatların (PHS) ölümcül fəsadlarına toxunan Prezident Administrasiyasının nümayəndəsi bildirib: "Minalar və partlamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyur. Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq. Onları həm insanları, həm də planetimizi öldürür. Bu su, hava və torpaq üçün, eləcə də həyatlarımız üçün ciddi təhdiddir. Dünyada konfliktlərin artdığı bir vaxtda biz müharibələrin fəsadlarına qarşı birlikdə mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən dəhşətlisi minalar və partlamamış hərbi sursatlardır. Bu konfransda təmsil olunan ölkələrin xalqları bu dəhşətli reallığı yaxşı bilir".
Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-da da bu məsələnin diqqət mərkəzində saxlanılacağını vurğulayan Nüsrət Süleymanov qeyd edib: "Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. COP29-a ev sahibliyi edən ölkə kimi biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik. Nyu-Yorkda keçiriləcək Gələcəyin Sammitini, Misirdə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunu (WUF12) və Bakının ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözlədiyimiz bir vaxtda bu iki çağırış arasındakı qarşılıqlı əlaqəyə diqqət çəkərək onlara qarşı mübarizə aparmaqda qətiyyətliyik".
III Beynəlxalq Minatəmizləmə Konfransında minaların və partlamamış hərbi sursatların zərərləri və bu bəlaya qarşı uğurla mübarizənin aparılması baxımından faydalı müzakirələrin aparıldığını qeyd edən Nüsrət Süleymanov bildirib: "Bu konfransın davam etdiyi iki gün bilik və təcrübə mübadiləsi aparmaq baxımından hamımız üçün faydalı keçdi. Konfrans həm bu problemin ciddiliyini qiymətləndirməyimiz, həm də çıxış yolu olduğunu dərk edərək səylərimizi gücləndirmək baxımından gözəl imkan yaratdı. Əminəm ki, gələn il yenidən görüşərək həm özümüz, həm də indiki və gələcək nəsillər üçün planetimizi daha təhlükəsiz və daha yaşıl məkana çevirmək istiqamətində əldə etdiyimiz nailiyyətləri müzakirə edəcəyik".