Üç aya bir kisə fındıq yeyən, məktəbə getmək istəməyən məşhurlarımız: "Fəvvarədə delfin axtarırdıq"

Övladlar valideynlərinin davamıdır. Odur ki, onların bayramı ata-analarında nostalji hisslər yaradır, uşaqlıq illərinə qaytarır.

Bakunews.media-ın əməkdaşı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə məşhurlarla danışıb. Onların uşaqlıq xatirələrini dinləyib, uşaqkən etdikləri dəcəlliklər, böyüyəndə kim olmaq istədikləri ilə maraqlanıb.

2014-cü ildə "Start a fire" mahnısı ilə Danimarkada ölkəmizi "Avroviziya" mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova uşaqlıqdan səhnəyə maraq göstərdiyini qeyd edib:

"Uşaqlıqda aktrisalıq edirdim. Filmlərdən hansısa hissələri oxuyurdum. Bağda hər zaman oxuyub, qışqırırdım. Qonşular səsimi dinləyirdilər. Hətta bəzən alqışlayırdılar da.

Mən aktrisalığı, oxumağı, oynamağı sevirdim. Marağım hara idisə, elə orada da oldum. Hər biri həyata keçdi. Bütün bunlar mənim uşaqlıq arzum olub.

Nənəm ifalarımı sevirdi. Həmişə deyirdi ki, "qızım, çox möhkəm səsin var". Məni hər zaman dəstəkləyirdi. 10-11 yaşım olanda "şou-proqram" edirdim. Kostyumlar tikdirirdim. Yeni ildə ailəmə şou-proqram göstərmişdim. Mahnı oxumuşdum. Sanki səhnədə konsert verirdim. Beləliklə, arzuma çatıb ifaçı oldum. Eyni zamanda, filmlərdə də çəkilirəm. Demək ki, bu mənim qismətim imiş".

Müğənni Elnarə Xəlilova uşaqlıqda "top-top" təxəllüsü ilə çağırıldığını deyib:

"Yumru olduğum üçün belə deyirdilər. Hətta bəzi yaxın qohumlarım var, məni indiyə kimi belə çağırırlar.

Sadə və sıravi Azərbaycan ailəsində böyümüş bir qızam. Nadinc idim. Altı yaşıma qədər tək olmuşam. Bacım və qardaşım olmayıb. Həkimlər valideynlərimə deyiblər ki, başqa övladınız olmayacaq. Buna görə də atam məni oğlan uşağı kimi böyüdürdü. Atam karateçi olub. Bununla yanaşı, boksla da məşğul olub. Buna görə də o mənə bəzi idman fəndlərini öyrətmişdi.

Mən də altı yaşıma qədər məhəllədə, qohum-əqrəbada adam qalmamışdı ki, onun kürəyini yerə vurmayım. Gələn kimi fənd işlədirdim. Şahidi olanlar indiyə kimi deyirlər".

Müğənni kiçik yaşlarından əlindən mikrofon düşmədiyini vurğulayıb:

"Mən dünyaya gələndən evimizdə piano aləti olub. Mikrofon və qrammofon da var idi. İki yaşımdan əlimdə mikrofon olub. Digərləri kimi daraqla oxumamışam. İki yaşımdan "Cücələrim" mahnısını eşidib pianoda ifa edirmişəm. Anamla atam görüblər ki, musiqi duyumum var, məni musiqiyə yönəldiblər. Yeddi il orta piano təhsili almışam.

Məktəbdə 8 Mart ilə əlaqədar tədbir var idi. Mən üçüncü sinifdə oxuyurdum. Ana haqqında söz yazdım, musiqi bəstələdim. Akt zalında özüm-özümü müşayiət edib tədbirdə bu mahnını ifa etdim. Çox böyük maraqla qarşılandı. Onu yeniləyəcəyəm. Üçüncü sinifdə oxuyan uşağın təxəyyülüdür. Ananı necə görür, hiss edirsə, elə də ifa etmişdi".

E.Xəlilova kiçik yaşlarında etdiyi nadincliklərdən söz açıb:

"Məktəbdə Novruz tədbirlərinin birində beşinci sinifdə oxuyan zaman evdən anamın nə qədər qızıl-zinət əşyaları varsa, hamısını taxıb şənliyə getmişdim. Anam da bunu hiss etmişdi. Fasilədə işdən evə gəlib zinət əşyalarının yerində olmadığını görüb məsələdən agah olmuşdu. Biz məktəbdə rastlaşdıq. Anamı görəndə özümdən ixtiyarsız əllərimlə qulaqlarımı tutdum ki, sırğaları görməsin. Lakin unutmuşdum ki, barmaqlarım, boynum, qollarım zinət əşyaları ilə doludur. Anam məni haqlayıb üzərimdəki zinət əşyalarını "müsadirə etdi".

Bir dəfə də anam Novruz bayramı üçün hələ qışda kisə ilə fındıq almışdı. Mən də qışdan yaza qədər o fındıqları yemişdim. Bayram vaxtı anam kisənin boş olduğunu görəndə fındıqları küləyin apardığını demişdim. Həddi-büluğa çatana qədər nadinc olmuşam. Xoş xatirələrdir".

Xalq artisti Gülyanaq Məmmədova uşaqlıq arzusunun gerçəkləşdiyini dilə gətirib:

"Uşaqları təbrik edirəm! Onların qayğısını hər zaman çəkməli, vətənimizə xeyirli övlad kimi yetişmələri üçün şərait yaratmalıyıq. Övladlarımız özləri gələcəkləri barədə düşünməlidirlər.

Onları görəndə uşaqlıq illərim gözümün önünə gəlir. Mənim üç-dörd yaşımdan musiqiyə böyük həvəsim olub. Valideynlərim məni birinci sinfə apara bilmirdilər. Deyirdim ki, getmək istəmirəm, mən Bakıda oxuyacağam, artist olacağam. Birtəhər apardılar məktəbə. Sinif müəlliməm deyirdi ki, o sözlərim indiyə qədər qulağında səslənir. Uşaqlıqdan səhnələrdə yer almışam. Dəcəl olmuşam. Geyinməyi, oynamağı və oxumağı sevmişəm. Pozitiv ruhlu olmuşam.

Doqquz yaşım olan zaman Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ifa etmişdim. Oxuduğum "Azərbaycan gəncləri" mahnısı ilə bağlı "Azərbaycan" qəzetində məqaləm dərc olunmuşdu".

Dizayner Vəfa İsazadə uşaqlıqda gəlinciklərinə paltar tikdiyini qeyd edib:

"İlk növbədə uşaqları təbrik edirəm! Onlara sağlam, xoşbəxt olmalarını arzu edirəm. Həyatda istədikləri və yaxşı sənətə yiyələnsinlər, valideynlərinin fəxri olsunlar.

Mən uşaqlıqda həmişə gəlinciklərimə paltarlar tikirdim. Həmişə düşünürdüm ki, böyüyəndə geyimlər hazırlayacağam. Uşaqlıqdan geyimlərə olan həvəsim sonunda öz nəticəsini verdi. Arzuladığım peşə üzrə çalışıram".

"Heydər Əliyev Sarayının qarşısındakı fəvvarələrlə bağlı maraqlı xatirəm var. Atam həmişə deyirdi ki, sizin üçün delfinlər almışam, orada saxlayıram. Həmişə parka gedəndə fəvvarələrin içisində delfin görmürdük. Mən atama sual verirdim ki, delfinlər haradadır? Atam da həmişə deyirdi ki, delfin balalarını gəzməyə aparıb, buna görə də "işə çıxmayıb", - deyə V.İsazadə əlavə edib.

Nəzrin Vahid

0.074830055236816