Fransanın kolonializm və neokolonializm siyasəti ilə bağlı hüquqi təhlil aparılacaq

Fransız Polineziyasının nümayəndə heyəti ilə Bakı Təşəbbüs Qrupu arasında keçirilən növbəti məsləhətləşmələrdə təşkilatın Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə artıq icrasına başladığı "Neokolonializm və kolonializmlə mübarizədə qlobal təşəbbüslərin gücləndirilməsi" qrant layihəsinin fəaliyyətləri müzakirə olunub.

"Report" xəbər verir ki, Tavini Partiyasının layihənin icrasına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində Fransanın kolonializm və neokolonializm siyasəti yürütdüyü dənizaşırı ərazilərdə baş verən insan hüquqlarının pozulması halları barədə hüquqi təhlil aparılacaq, təfsilatlı hesabat hazırlanaraq beynəlxalq təşkilatlara və digər aidiyyəti maraqlı tərəflərə təqdim olunması nəzərdə tutulur.

Layihə cari ilin iyun-oktyabr aylarını əhatə edəcək.

Qeyd edək ki, Fransız Polineziyasının nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun dəvəti ilə ölkəmizdə səfərdədir və müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunur.

0.056838989257812