Bayden və Ərdoğanın müşavirləri Bakı və İrəvan arasında sülh sazişinin vacibliyini vurğulayıblar
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağataş Kılıç arasında telefon danışığı olub.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, İsrailin Qəzzada davam edən hücumları, Ukraynadakı durum və digər regional məsələləri müzakirə ediblər.
"Kılıç və Sallivan prioritet məsələlərdən olan terrorla mübarizə və ikitərəfli gündəm mövzuları ətrafında fikir mübadiləsi aparıblar, regional təhlükə yaradan PKK, FETÖ və İŞİD ilə mübarizədə əməkdaşlıq məsələsini də dəyərləndiriblər", - deyə agentlik qeyd edib.
Eyni zamanda, Ağ evin press-relizində Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyini vurğuladığı və Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılmasını alqışladığı diqqətə çatdırılıb.
Mənbə: Anadolu