Suriyadan beşi uşaq, biri qadın olmaqla altı azərbaycanlı ölkəmizə gətirildi

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan beşi uşaq və biri qadın olmaqla altı nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

"İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız təyyarə bileti və Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri ilə təmin edilib.

4 iyun 2024-cü il tarixində nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək", - XİN-dən bildirilib.

0.25596785545349