Sovet hökumətinin qoyduğu qadağa, Bakı metrosunun düzəldə bilmədiyi problem

Paytaxtda ən çox yüklənən, sərnişinlərin şikayətlənsələr də, ən çox üz tutduqları ictimai nəqliyyat vasitəsi məhz metrodur. Ona görə də istər sərnişinlərə göstərilən xidmətlər, istərsə də infrastruktur baxımından metronun daim yenilənməsi, müasirləşməsi vacibdir.

Bakı Metropoliteni mövcud infrastrukturda yeniliklərə nə qədər açıqdır - bu artıq bir ayrı mövzudur. Qurumdan verilən açıqlamalarda hər dəfə bu istiqamətdə davamlı olaraq işlərin görüldüyü qeyd edilir.

Bu gün əlilliyi olan şəxslər, xüsusilə də əlil arabası ilə hərəkət edənlər metro xidmətlərindən yararlanmaqda çətinlik çəkirlər. Çünki onların stansiyalara daxil olmaları üçün panduslar yoxdur. Nəticədə belə insanlar metroya daxil olarkən başqalarının köməyinə ehtiyac duyurlar.

Eyni çətinliklə azyaşlı övladı olan, uşaq arabası ilə şəhərə çıxan sakinlər də qarşılaşırlar.

Problem yeni olmasa da, son dövrlər daha çox nəzərə çarpır. Məsələn, "8 Noyabr" stansiyasında əlil arabası ilə hərəkət edənlər həm eskalatorlardan, həm də xüsusi liftlərdən istifadə edə bilərlər.

Bu stansiya yeni inşa edilib. Bəs görəsən, köhnə stansiyalarda əskik qalan nüanslar yeni stansiyalarda tamamlanacaqmı? Panduslar və digər yeniliklər olacaqmı?

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakunews.media-a açıqlamasında deyir ki, problem daha çox sovet dövründə tikilən stansiyalarda mövcuddur:

"Sovet dövründə əlil arabası ilə metrodan istifadə edilməsi birmənalı olaraq qadağan edilmişdi. Bu barədə stansiyalarda, diqqət etsəniz, müvafiq nişanların olduğunu da görərsiniz. Bu səbəbdən sonradan müdaxilə etmək mümkün deyil. Yəni bu proses stansiyanın yenidən tikilməsi qədər çətindir.

Bu gün dünya standartlarına cavab verən pandusların quraşdırılması, yaxud da stansiyalar yenidən qurularkən məhz pilləkən hissəsində pandusların quraşdırılması texniki cəhətdən qeyri-mümkündür. Çünki dünya standartlarında maillik faizi, bucaqlar, digər məsələlər konkretdir. Əlil arabası ilə yaxınlaşan şəxsin bu standartlarla stansiyaya enməsi faktiki olaraq mümkün deyil".

Bəxtiyar Məmmədov onu da əlavə edib ki, məhz bu səbəbdən 2019-cu ildən "Bakı Metropoliteni" QSC-nin stansiyalarına əlil arabasında olan şəxslərin daxil olması üçün xüsusi avadanlıqlar gətirilib:

"Dünya praktikasında da həm eskalator, həm də pilləkən üçün avadanlıqlar nəzərdə tutulub. Eyni zamanda, metronun dərinözüllü "İçərişəhər", "Sahil", "Nizami" stansiyalarında yalnız eskalatorlar var. Bu səbəbdən də orada əlilliyi olan şəxslərin stansiyaya daxil olmasına beynəlxalq stansiyalara uyğun texniki qurğulardan istifadə etməklə köməklik göstərilir".

Könül Cəfərli

0.065792083740234