Azərbaycanda yüksək vəzifələrə TƏYİNATLAR

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə və Probasiya xidmətinə yeni rəis təyin edilib.

Bakunews.media xəbər verir ki, ədliyyə nazirinin müvafiq əmri ilə Elşad Məmmədli Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə, Vüqar Ağayev isə Probasiya xidmətinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib.

Elşad Məmmədli 1986-cı ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2010-2012-ci illərdə Almaniyanın Julius Maksimilian Vürzburq Universitetində Avropa hüququ ixtisası üzrə magistratura təhsili alıb, həmçinin həmin dövrdə Universitetin hüquq fakültəsində elmi işçi kimi fəaliyyət göstərib.

Elşad Məmmədli 2013-2019-cu illərdə Azərbaycan Dövlət Neft Fondunun Hüquq Departamentində hüquq məsləhətçisi və baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. Həmçinin 2017-2022-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin SABAH qruplarında mülki hüquq fənnini tədris edib.

Qeyd edək ki, Elşad Məmmədli 2019-2023-ci illərdə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetində müqayisəli hüquq üzrə doktorantura təhsili alıb və həmin dövrdə mülki hüququn müxtəlif sahələrində bir çox elmi tədqiqatlar aparıb.

O, bu vəzifəyə təyin olunanadək Almaniyanın nüfuzlu "Lupp+Partner Partnerschaft mbB" hüquq şirkətində hüquq məsləhətçisi vəzifəsində çalışıb.

Vüqar Ağayev 1980-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2004-cü ildə isə magistr dərəcəsi ilə bitirib.

O, 2002-2006-cı illərdə Bakı şəhəri Nizami rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsində böyük məhkəmə icraçısı (probasiya üzrə) vəzifəsində çalışıb. Vüqar Ağayev 2006-2013-cü illərdə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsində müxtəlif vəzifələrdə, 2013-2021-ci illərdə isə Nazirliyin Təşkilat–nəzarət baş idarəsində baş məsləhətçi vəzifəsində işləyib.

Vüqar Ağayev bərpaedici ədliyyə sahəsində nüfuzlu qurumlardan biri olan Avropa Bərpaedici Ədliyyə Forumunun (European Forum for Restorative Justice-EFRJ) üzvüdür.

O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.

Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.

Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.

O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğu qəbul edilib.

0.052644968032837