Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib
Azərbaycan BMT Baş Assambleyası tərəfindən qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib.
AZƏRTAC-ın məlumatına görə, keçirilən rəqabətli səsvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb və 2025-2027-ci illər üzrə 3-cü dəfə şuranın üzvü olacaq.
Ölkəmiz ilk dəfə 2003-2005-ci illərdə, ikinci dəfə 2017-2019-cu illərdə İqtisadi və Sosial Şuranın üzvü olub. Azərbaycanla yanaşı, daha 20 ölkə Şuraya üzv seçilib.
İqtisadi və Sosial Şura BMT-nin altı əsas orqanından biridir. Şura 1945-ci il iyunun 26-da qurulub və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, doqquz funksional və beş regional komissiyalarının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.
Azərbaycanın bu gün rəsmən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP) sədr vəzifəsinin icrasına başlaması ilə yanaşı, BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təzahürüdür.