İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Əl-Əzhərdə ikinci dəfə olduğunu xatırladı, Misirə rəsmi səfəri çərçivəsində yenidən burada olmağından və Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirdi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət etdi.
Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bu münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissi ilə vurğulayaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini dedi. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir.
Azərbaycan Prezidenti Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğuladı. Dövlətimizin başçısı, həmçinin vaxtilə Şuşada mövcud olmuş 17 məsciddən 16-sının işğal dövründə tamamilə dağıdıldığını dedi.
Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu ziyarətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd etdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi.
Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd etdi.
O, Əl-Əzhəri Şərifin Azərbaycanda ərəb dilinin tədrisinə öz dəstəyini verməyə hazır olduğunu vurğuladı, Əl-Əzhərdə azərbaycanlı tələbələrin də təhsil aldıqlarını diqqətə çatdırdı.
Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğuladı, Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun fəaliyyət göstərdiyini qeyd etdi.
Sonra xatirə hədiyyələri təqdim olundu.
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.