Azərbaycanlı zəvvarlar Ərəfat çölünə toplaşıblar

Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarına uyğun olaraq ibadətlərini yerinə yetirməyə davam ediblər.

Oxu.az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zil-hiccənin (həcc ayının) 9-cu günündə Məkkədəki zəvvarlar Mina adlanan ərazidən Ərəfat çölünə yollanıblar. Onlar bu günü Ərəfat dağının ətəklərində məğrib namazınadək dua etməklə keçirəcəklər. Məğrib namazından sonra isə zəvvarlar Müzdəlifə çölünə yollanacaqlar.

İslam təqvimində bu gün "Ərəfat" günü adlanır və peyğəmbərimizin buyurduğuna görə, bu gün tutulan oruc bir il əvvəlki və bir il sonrakı günahları yuyur.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.

Rəhim Əliyev

0.049870014190674