Dövlət qurumları gücləndirilmiş iş rejiminə keçir

"Azərişıq" ASC Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib.

Bakunews.media xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Bildirilib ki, Cəmiyyət bayramla əlaqədar qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri 24 saat fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılar "199" Çağrı Mərkəzinə və qurumun rəsmi facebook, instaqram səhifələrimizə müraciət edə bilər. 24 saat fasiləsiz fəaliyyət göstərən "199" Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Həmçinin, abonentlər bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan, azərişıq.az saytında müvafiq bölməyə daxil olmaqla ödəyə bilərlər. "Smart" sayğacdan istifadə edən istehlakçılara tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.

Bakunews.media xəbər verir ki, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.

0.081367969512939