Tarixçi: "Heydər Əliyevin Bakıya dəvət edilməsi mühüm tarixi hadisə idi"

"Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir".

Bu sözləri Bakunews.media-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 15 iyun Milli Qurtuluş Günü ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, Azərbaycan tarixinin 40 ili Heydər Əliyevin adı ilə bağlıdır:

"Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan xalqınının ümummili lideri, ulu öndər, müasir Azərbaycanın memarı və qurucusu da adlandırır".

S.Talıblı bildirib ki, tarixi fakt, sənəd, o dövrkü yerli və xarici KİV-lərə istinad edərək qeyd edə bilərik ki, 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi irəli sürülüb:

"Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyi ilə olduqları hər yerdə qarət, terror, soyqırımı, cinayətkarlıqla məşğul olan regional və beynəlxalq güclərin dəstəyini alan ermənilər hesab edirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının böyük oğlu dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da, buna nail ola bilmədilər. Çünki ulu öndər hər zaman atdığı addımlarda haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi. Eyni zamanda, Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə də xaricdə olarkən çalışdığı bütün məqamlarda həmişə Azərbaycanın maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və praktiki addımlarla reallaşdırırdı. Təbii ki, istər dünya erməniliyi, istər Ermənistanda təcavüzkar rəhbərlik, istərsə də erməniləri dəstəkləyən beynəxalq və regional qüvvələr Heydər Əliyev fenomeni qarşısında həmişə aciz olublar.

Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifəsi ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək idi. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək idi".

S.Talıblı qeyd edib ki, Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi mühüm tarixi hadisə idi:

"Bu kursun ali məqsədi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin, milli dövlətçilik hüquqlarının təmin olunması və beynəlxalq təhlükəsizlik sistemi ilə uzlaşdırılmış fəaliyyətdir. Heydər Əliyevin hakimiyyəti dövründə müstəqil Azərbaycan Respublikasının xarici siyasətinin konseptual əsasları, məqsədi, prinsipləri və əsas xüsusiyyətləri Azərbaycanın Konstitusiyasında, Heydər Əliyevin etdiyi xarici səfərlərdə, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə, çıxışlarında, xüsusilə onun tərəfindən həyata keçirilən xarici siyasət strategiyasında öz əksini tapmışdır.

Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın büruzə verirdi. Ulu öndər Azərbaycanı regional və beynəxalq güclərin əlindən qurtararaq, müstəqil və suveren Azərbaycan Respublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Heydər oğlu Əliyev tərəfindən uğurla və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Xüsusilə də, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində, eləcə də İlham Əliyevin Ali baş Komandan kimi hərbi strategiyası, hücum diplomatiyası, xalq-ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan dövləti və onu dəstəkləyən qüvvələr məğlub edilərək işğal olunmuş ərazilərimiz azad olundu".

Nəzrin Vahid

0.058624982833862