Ata oğurladığı pulla qızına toy etdi
Xaçmaz rayonunda tanışının cibindən 1 400 manat pul oğurlayan kişinin məhkəməsi keçirilib.
Publika.az-ın məlumatına görə, Quba rayonu Atuc kənd sakini olan 1980-ci il təvəllüdlü Əzim Əzizov Xaçmaz Rayon Məhkəməsində keçirilən prosesdə Cinayət Məcəlləsinin 177-ci, yəni oğurluq maddəsi ilə təqsirləndirilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, Əzim yaşadığı Quba rayonundan Xaçmaz şəhərinə gedərək iş axtarıb. O, Xaçmazda iş adamı, çörəkbişirmə sexinin sahibi Vahid adlı şəxsə yaxınlaşıb. Vahid ona sexdə iş olmadığını deyib. Lakin Armudpadar kəndində yerləşən bağ evində həyətdə işləyərək orada qala biləcəyini söyləyib. Bundan sonra Əzim həmin bağa gedib və orada mühafizəçi kimi qalan İsmayıl adlı pensiyaçı ilə birgə işləməyə başlayıb. Onlar eyni otaqda qalıblar.
Həmin günlərin birində Əzim İsmayılın yatmasından istifadə edərək onun bir neçə aydır pensiyası hesabına yığaraq üzərində saxladığı 1 400 manatı gecə saat üç radələrində götürüb. Oğurladığı pulları və öz əşyalarını toplayan Əzim gecə vaxtı oranı tərk edərək qaçıb. O, Quba rayonunda yaşadığı evə gedib və gətirdiyi pulları işləyərək qazandığını deyib və həmin vəsaitlə qızına toy edib.
İsmayıl isə başına gələn hadisə ilə bağlı polisə müraciət edib.
Məhkəmədə zərərçəkən şəxs Əzimin oğurladığı pulları qaytarmadığını deyərək onun həbs edilməsini tələb edib.
Xaçmaz məhkəməsinin ötən həftə çıxardığı hökmlə Əzim Əzizov iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Polis nəzarəti altında olan 44 yaşlı kişi məhkəmə zalında həbs edilib.