Qarpızla bağlı MÜHÜM TÖVSİYƏLƏR: Hansı məqamlara diqqət edilməlidir?

Havalar isindikcə, insanlar qida rasionunda meyvələrə daha çox üz tuturlar. Bəzən meyvələrdən zəhərlənmə halları da müşahidə olunur. Bu hal xüsusilə qarpız səbəbindən baş verir.

Bəs qarpızdan zəhərlənmə hallarının daha çox olması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida mühəndisi, nutrisioloq Fərid Səfərov qeyd edib ki, bəzən meyvələr orqanizmimizi zəhərləyə bilir:

"Yay meyvəsi olan qarpız iyul və avqust ayında yetişir. Orqanizm üçün faydalı olan qarpız tərkibi bol sulu olduğu üçün yayda sərinlik gətirir, susuzluğu aradan qaldırır. Amma normadan artıq qəbul edildikdə, qan şəkərinin yüksəlməsinə və artıq çəkiyə səbəb ola bilir.

Unutmaq olmaz ki, bu meyvələri mövsümündən kənar yetişdirmək üçün müxtəlif kimyəvi maddələrdən, dərmanlardan istifadə olunur. Ona görə də, müxtəlif pis nəticələrə, əsasən də zəhərlənmələrə gətirib çıxarır".

Qarpız alarkən nələrə diqqət etməli?

Ekspert bununla bağlı da tövsiyələrini bölüşüb:

"Rəngi tünd yaşıl və üzərindəki zolaqlar görünən olsun. Yumşaq, əzilmiş, solğun rəngli qarpız almayın. Evdə istifadə etdikdən sonra qarpızı soyuducuda saxlayın. Lakin çox uzun müddət soyuducuda saxlamaq da olmaz.

Bundan əlavə, yeməzdən əvvəl mütləq rənginə, iyinə və dadına diqqət edin. Soyuducuda saxladığınız qarpızın üzəri yumşalmış, tumları yerindən çıxmış və iyi, rəngi dəyişmiş halda olmamalıdır. Bu kimi məqamlara diqqət edərək sağlamlığınızı və cibinizi qoruya bilərsiniz".

0.088392972946167