"Euronews": Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı qlobal tərəfdaşlığa çağırışdır

Minalarla çirklənməyə görə dünyada ilk beş ölkədən biri olan Azərbaycanda minalarla mübarizə üzrə üçüncü beynəlxalq konfrans keçirilib.

Caliber.Az xəbər verir ki, bu barədə "Euronews" telekanalının saytında yerləşdirilən süjetdə bildirilib.

75 ölkədən olan 300-dən çox nümayəndə minaların və müharibənin digər partlayış təhlükəsi olan izlərinin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yollarını müzakirə etmək üçün toplaşıb.

Qeyd olunub ki, minalar və kustar üsulla hazırlanmış partlayıcı qurğular, xüsusən də silahlı münaqişə zonalarında insanları ölümlə üz-üzə qoyur. Dünyanın 60-dan çox ölkəsində 110 milyon mina ola biləcəyi təxmin edilir və hər il daha iki-beş milyon mina yerləşdirilir.

Dünyanın minalarla ən çox çirklənmiş beş ölkəsindən biri olan Azərbaycan humanitar minatəmizləmə sahəsində mühüm təcrübə toplayıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews" telekanalına müsahibəsində qeyd edib ki, Azərbaycan bütün dünyada humanitar minatəmizləmə və minalarla mübarizə üzrə bir növ laboratoriyadır.

"Azərbaycan xüsusi bilik və təcrübə əldə edib. Ölkəmizdə minatəmizləmə layihəsi başa çatdıqdan sonra dünyada digər humanitar minatəmizləmə layihələrinə töhfə vermək imkanı əldə edəcəyik", - deyə H.Hacıyev bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı daimi nümayəndəsi Alessandra Rokkasalvo qeyd edib ki, yerüstü minalar insanlığa qarşı cinayətdir.

"Məsələn, okeandakı plastik torba 200 ildən sonra parçalanacaq. Minalar isə - heç vaxt, onlar ətraf mühiti çirkləndirməyə davam edəcəklər", - deyə Rokkasalvo bildirib.

Telekanal qeyd edib ki, partlayıcı qurğular orta hesabla hər saatda bir nəfərin ölümünə və ya yaralanmasına səbəb olur və qurbanların arasında çox sayda uşaqlar var.

"Minanın işə düşməsi üçün üç kiloqram kifayətdir. Bu, yeni doğulmuş körpənin orta çəkisidir. Ona görə də bir ana və nənə kimi hesab edirəm ki, bu, Qarabağın ürəyindən gələn və bütün dünyaya səslənən qlobal bir çağırışdır", - deyə "Roots of Peace" humanitar təşkilatının qurucusu və baş direktoru Haydi Kün "Euronews"a bildirib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov minaların ətraf mühitə vurduğu ciddi ziyana, o cümlədən torpağın çirklənməsinə və karbon qazı emissiyasına diqqət çəkib.

"Trotilin parçalanması nəticəsində yaranan maddələr sıza bilər ki, bu da torpağın və yeraltı suların çirklənməsinə gətirib çıxarır. Həmçinin, hər partlayışdan sonra karbon dioksid də atmosferi zəhərləyir. Hər dəfə tank əleyhinə minanın partlaması nəticəsində havaya 29 kiloqram karbon dioksidi buraxılır", - deyə o qeyd edib.

Konfransda humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi çağırışları yer alıb. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov donorların, xüsusən də ən çox zərər çəkən ölkələr üçün maliyyə dəstəyinin artırılmasının vacibliyini vurğulayıb.

"Əgər bu məsələ qlobal səviyyədə həllini tapmasa, o zaman ayrı-ayrı ölkələrdə bu problemi həll etmək mümkün olmayacaq. Azərbaycan 18-ci dayanıqlı inkişaf məqsədini - humanitar minatəmizləməni milli səviyyədə təqdim etməklə buna öz töhfəsini verib", - deyə Əmirbəyov bildirib.

0.048285007476807