Gündəlik qidalanmada pendirin rolu: Gəncliyin və gümrahlığın açarı
"Pendir qəbulu nəinki fiziki sağlamlığı yaxşılaşdırır, həm də psixi sağlamlığa və stress səviyyəsinin azalmasına müsbət təsir göstərir".
Bu barədə Şanxay Jiao Tong Universitetinin Tibb Məktəbindən olan alimlərin apardıqları araşdırmadan məlum olur.
Elm adamları 2,3 milyon insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, pendir həvəskarları arasında ümumi sağlamlıq vəziyyəti daha yaxşı olan şəxslər xeyli çoxdur.
Tədqiqatçıların sözlərinə görə, pendir orqanizmin qocalmasını təxminən dörd faiz yavaşladır. Bu, yaşlanma prosesinin qarşısını almaqla yanaşı, ümumi gümrahlığı artırır.
Eyni zamanda, pendirin stress səviyyəsinin azaldılmasına və psixi sağlamlığın qorunmasına da əhəmiyyətli dərəcədə müsbət təsiri qeyd olunub.
Alimlərin sözlərinə görə, bu amillər birlikdə sağlam qocalmaya zəmin yaradır.
Qeyd edək ki, pendir sinir sistemi üçün faydalıdır, güclü antioksidantdır və immuniteti artırır. Bundan başqa kalsium mənbəyidir - uşaqlarda sümüklərin normal və sağlam inkişafına müsbət təsir göstərir, yaşlılarda sümük xəstəliklərinin yaranmasının qarşısını alır.
Pendir hamiləlik dövründə qadın orqanizmində dölün inkişafında mühüm rol oynayan, həmçinin qan-damar sistemi orqanlarını qoruyan, anemiya və yüksək təzyiqin qarşısını alan fol turşusu (B9) vitamini ilə zəngindir.
Bu ağartı məhsulunun tərkibində həmçinin B2 vitamini var, buna görə pendir dəri, dırnaq və saça müsbət təsir göstərməklə zədələnmiş toxumaların bərpasını sürətləndirir. Digər vitaminlərdən fərqli olaraq B2 vitamini insan orqanizmində ehtiyat halında toplanmır, buna görə də onun gündəlik istehlakı zəruridir.
Mənbə: Golfstriminform.ru