Fuad Əliyev: Fransa Senatı həmişə Fransa- Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışır

Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib. 

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, “Total Energies”in fəaliyyəti qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində nəzərdən keçirilib. Fransa Senatının hökumətə təqdim etdiyi hesabatda həmçinin “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin də dayandırılması” tələb olunur. 

“Total Energies”in fəaliyyətini araşdıran Senat komissiyası ötən ilin dekabrında yaradılıb və onun hazırladığı hesabat ötən həftə yekdilliklə qəbul edilib. Ümumilikdə sənəddə 33 tövsiyə var. Maraqlıdır ki, Azərbaycanın noyabr ayında BMT-nin növbəti iqlim konfransına (COP29) ev sahibliyi etməsi faktını Senat bilərəkdən xatırlatmayıb.  

“Abşeron” yatağında hasilatın başlanması Azərbaycanla Fransa arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib. 31 avqust 2023-cü il tarixində “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Pouyanne Bakıda səfərdə olub və Azərbaycanın karbohidrogen ehtiyatlarının gələcək inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinə investisiyalar üzrə danışıqlar aparıb. 

Siyasi ekspert Fuad Əliyev qeyd edib ki, Fransa Senatının bu çağırışı Azərbaycana qarşı dolayısı ilə sanksiya tətbiq etmək məqsədi güdür:

“Ümumiyyətlə, Fransa Senatı həmişə Fransa- Azərbaycan əlaqələrinə zərbə vurmağa çalışır. Qurumun qəbul etdiyi qətnamələr, Qarabağda məhv edilmiş qondarma qurumun tanınması onun Azərbaycana olan düşmən münasibətindən irəli gəlir. Azərbaycanın enerji sektorunda öz payı olan ”Total Energies" şirkətinin fəaliyyətinin dayandırması rəsmi Parisin ifadə etmir. Makron administrasiyası hər nə qədər ermənipərəst olsa da Azərbaycanda çox ciddi iqtisadi payı olan “Total Energies” şirkətinin buradan getməsini istəməz".  

Fuad Əliyev hesab edir ki, Total şirkəti bununla bağlı mövqeyini bildirməlidir: 

“Hər halda bu şirkət də istəməz ki, Azərbaycanla əməkdaşlığını davam etdirsin. Şirkətin rəsmisi Azərbaycana səfəri zamanı da etiraf edib ki, Azərbaycanda fəaliyyətlərini davam etdirməkdə maraqlıdırlar. Bundan əvvəl də Fransa BMT və digər platformalarda Azərbaycana sanksiya tətbiq olunması üçün cəhd edib, amma nəticəsi olmayıb. Bu dəfə də belə olacaq”. 

0.30135488510132