"İçəri"də "hacı"nın ləqəbi nə olacaq?

Kubra Məhərrəmova yazır...

Bu gün həqiqətən də, yaxşılardan iraq, gözəl və əməlisaleh adamlardan uzaq, hacı sözü və ifadəsi çox ucuzlaşıb. Bəzən isə dələduzlar, düz yolda olmayanlar, hətta cinayətkarlar da özlərini təmizə çıxartmaq üçün "hacı" statusundan istifadə edir, bu qəbildən olan qadınlar da həmçinin "hacıxanım" olurlar. Bir daha qeyd edirəm ki, yaxşılardan uzaq.
Təbii ki, bu qəbildən olan "hacı" və "hacıxanımlar" cəmiyyətdə ikrah hissi yaradır və dünyanın ən gənc, eyni zamanda ən humanist dini olan İslam dininə qarşı neqativ hisslər yaradırlar.
Belə ki, əyninə cübbə geyinən, sosial şəbəkələrdə canlı açıb dini mövzularda moizələr oxuyan, insanları dinə-imana dəvət edən, qurşağa qədər saqqal saxlayan ilahiyyatçı hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi məlum olub.
Azyaşlı Ağsu rayonunda yaşayırmış və həmin vaxt dayısıgilə qonaq gəlibmiş. Yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona seksual xarakterli hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb.
Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb.

Necədir? Bu xəbəri oxuduqca, yazdıqca yadıma Vatikanın pedofiliya ilə bağlı ifşaları düşdü.
Heç kimə sirr deyil ki, kilsənin bəzi nümayəndələri əsrlər boyu məhz azyaşlı uşaqları seksual istismara məruz qoyaraq, öz cinsi təminatlarını həyata keçiriblər. Amma və lakin, uşaqların "müqəddəs ata"larla bağlı şikayət və dedikləri həqiqət uzun illər cəmiyyət tərəfindən yalan və iftira kimi qəbul olunub. Yalnız XX əsrdə kilsə əsrlər boyu davam edən zorakılığı qismən etiraf etdi. Bununla da, onsuz da gil ayaqlar üstündə olan kilsənin nüfuzu tamamən yerlə bir oldu. "Müqəddəs ata"lar sən demə, iblisin özü imişlər. Bu cinayətlərdə həm din xadimlərinin, həm də adi kilsə nümayəndələrinin iştirakı sübuta yetirildi.

İndi qayıdaq Azərbaycana.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya cinsi xarakterli digər hərəkətlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yəni hər hansı bir kəs 14 yaşına çatmamış şəxslə, yəni uşaqla cinsi əlaqədə olsa, həmin adama cəmi üç il iş verilə bilər.
Təbii ki, bu rəqəm qurbanlar və onların yaxınları üçün ədalətli hesab oluna bilməz. Sonunda biz yetkinlik yaşına çatmamış, həm fiziki, həm də mənəvi zəif olan uşağın həyatının sınmasına şahid oluruq.
Heç də, hər bir uşaq baş verən hadisəni valideynlərinə etiraf edə bilmir. Çünki çoxu bu zorakılıqda özünü müqəssir bilir. Daha sonra bu qurbanların özünəqəsd halları da müşahidə olunur.
Amma seksual zorakılığı yaşadan şəxslər əlləri cibində başqa qurbanların ovuna çıxırlar. Bu qeyri-müəyyən vaxta qədər davam edə bilər.
Elə götürək əli təsbehli, cübbəli "hacı" Salmanı. Maraqlıdır, indiyə kimi onun neçə qurbanı olub? Neçə uşağa qarşı seksual hərəkətlər və ya zorakılıq aktı törədib?
Çünki pedofiliya uzunmüddətli olan haldır. Yəni iki günə yaranan məsələ deyil. Qısaca onu deyim ki, pedofiliya yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur.
Elə bir sıra Avropa ölkələrində və ABŞ-nin bəzi ştatlarında pedofiliyaya qarşı mübarizə bir başqa cürdür. Bu ölkələrdə pedofillərə qarşı kimyəvi axtalanma tətbiq olunur ki, bu da onlara bir daha seksual aktı həyata keçirməyə imkan vermir. Lakin bəzi mütəxəssislər hesab edirlər ki, pedofiliya ilə mübarizədə kimyəvi axtalanma effektiv hal deyil. Belə ki, pedofil daha sonra özü müəyyən hormonların qəbulu ilə orqanizmində tələb olunan kişilik hormonlarını bərpa edə bilər.
Kimyəvi axtalanma ilk dəfə ötən əsrin 80-ci illərində ABŞ-də tətbiq olunub. Sərt qanunları ilə fərqlənən Texas ştatında isə pedofillərə qarşı cərrahi axtalanma da tətbiq olunur. 90-cı illərin sonunda Kanada, Böyük Britaniya, Fransa və bir sıra Avropa ölkələri də Amerika təcrübəsini (kimyəvi axtalanma) tətbiq etməyə başlayıb.
Amma burada da bir məsələ önə çıxır. Pedofillər çox zaman qurbanlarına seksual zorakılıq tətbiq etdikdən sonra onların həyatına da son qoya bilirlər. Bu qəbildən olan hadisələr sonsuzdur.
1996-cı ildən ABŞ-nin bir sıra ştatlarında pedofillərə qarşı "Megan"s Law" yəni "Meqan qanunu" qəbul olunmağa başlanır. Bu qanun özündə əvvəllər uşaqlara qarşı cinsi xarakterli cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxsləri yaşayış və ya iş yerlərində hər hansı dəyişiklik barədə polisə məlumat verməyə məcbur edir. Yəni bu şəxslər hər hansı yeni şəhərə, rayona, ştata köç edirlərsə, onlar bu barədə hökumətə məlumat verməlidir.
Bu qanunun qəbul olunması isə dəhşətli bir hadisə ilə bağlıdır.
1994-cü ildə Nyu-Cersi ştatında yeddi yaşlı Meqan əvvəllər pedofiliyada ittiham olunmuş qonşusu Cessi Timmendekas tərəfindən zorlanır və qətlə yetirilir. Bu da öz növbəsində ABŞ ictimaiyyətində böyük narazılıq yaradır. Hər kəsdə sual yaranır ki, görəsən mənim qonşum pedofildir, ya yox? Elə bu məlumatların açıq olması üçün də "Meqan qanunu" qəbul olunur.
Əslində belə bir qanunun Azərbaycanda da tətbiq olunması çox yaxşı olardı. İnsanlar qonşularının kim olmasından əvvəlcədən xəbərdar olar və uşaqlarını daha yaxşı qoruya bilərlər.
Təəssüflər olsun ki, Azərbaycanın cinayət məcəlləsi nə kimyəvi, nə də cərrahi axtalanmanı nəzərdə tutur. Yeri gəlmişkən, pedofillərə qarşı Almaniya və Çexiyada məcburi cərrahi axtalanma həyata keçirilir ki, bu da öz növbəsində pedofiliya hallarının azalmasına səbəb olur.
Sonda belə bir nəticəyə gələ bilərik ki, bizim uşaqları pedofillərdən müdafiə edə biləcək mexanizmimiz hələ də mövcud deyil.
Yeganə ümid qalır həbsə və həbs müddətində baş verəcək hadisələrə.
Məsələn, maraqlıdır, görəsən cəzaçəkmə müəssisəsində hacı Salmanın yeni ləqəbi nə olacaq?

0.072700023651123