Bakıda müştəri kafedə ofisiant işləyən xanıma hücum etdi

Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Rafiq kafedə ofisiant işləyən Mədinəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 13-də, gecə saat bir radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fəaliyyət göstərən kafelərin birində baş verib.

Həmin kafedə müştəri olan Rafiq ofisiant işləyən Mədinə ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib. Yaranmış münaqişə zamanı Mədinənin arxa sağ baldır nahiyəsindən qəsdən vuraraq yerə yıxıb.

Daha sonra Rafiq yerdə olan Mədinəni təpikləyib və ona xəsarət yetirib.

Hadisəni törədən Rafiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rafiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, hadisə günü, saat 21 radələrində dostları Vaqif, Mahir və Vahidlə birlikdə Buzovna qəsəbəsində yerləşən kafeyə gediblər:

"Kafenin otağında oturaraq pivə sifariş verdik. Sifarişimizi kafedə işləyən ofisiant Mədinə gətirdi. Mədinə bundan sonra bizə qulluq etdi. Bir neçə saat sonra Mədinə otağa daxil olaraq masanın üzərini silmək istədi. Vaqif Mədinəyə bildirdi ki, əskini ver, mən masanın üzərini özüm silim. Mədinə isə etiraz edərək özünün siləcəyini dedi. Bu zaman Mədinənin həvəssiz işlədiyini gördüm və sonda hörmət edəcəyimi dedim. Bu sözüm Mədinənin xətrinə dəydi. Mədinə qapıdan bayıra çıxdıqda mənə nalayiq küçə söyüşü söydüyündən ilk öncə onunla otaqda sözlə mübahisə etdim. Mübahisə zamanı Mədinə yenidən məni söydü, otağın qapısını bağlayaraq getdi. Mən masadan qalxaraq Mədinənin arxasınca bayıra çıxdım. Mədinənin sağ ayağından təpiklə vuraraq yerə yıxdım. Mədinə yerə yıxıldıqda onun qarın nahiyəsindən təpiklə vurdum. Bu zaman dostlarım və kafedə işləyən digər şəxslər məni sakitləşdirərək otağa apardılar".

İş üzrə zərərçəkmiş Mədinənin sözlərinə görə, noyabrın 12-dən 13-nə keçən gecə saat bir radələrində işdə olduğum zaman üç nəfər kafeyə gəlib və 30 manatlıq depozit olan kabinetdə əyləşiblər:

"Bir qədər sonra bir nəfər də onların yanına gəldi. Mən həmin kabinetə qulluq etdim. İlk əvvəl hər şey yaxşı olsa da, bir neçə bakal pivə içdikdən sonra həmin şəxslər sərxoş oldular. Yeyib-içdikdən sonra stolun üzərini yığışdıran zaman masanın üzərini siləndə onlardan biri dedi ki, ver, masanı silim. Mən isə ehtiyac olmadığını və özümün həll edəcəyimi dedim".

Zərərçəkmiş qeyd edib ki, daha sonra onlardan biri ona "sənin kimilər pula görə hər şeyi edərlər" deyib:

"Həmin şəxsin bu sözü mənə təsir etdi. Ona bildirdim ki, danışığına fikir versin. Lakin həmin şəxs məni söyərək, "sənin kimilərlə bu cür danışarlar" dedi. Mən isə həmin şəxsə söyüş söyməməsini bildirdim. Özünün də nəsil-nəcabətinin olduğunu dedim. Bu sözü dedikdən sonra qapını bağladım. Əlimdə qablarla çölə çıxdım. Bu zaman həmin şəxs arxamca qaçaraq təpiklə arxa sağ baldır nahiyəmdən vurdu. Zərbənin təsirindən yerə yıxıldım və əlimdə olan qablar da yerə düşdülər. Yıxılan kimi həmin şəxs təpiklə məni yenidən vurdu. Məni yerdə vuran zaman nalayiq ifadələr işlətdi. Bu zaman həmin şəxsin yanında gələn dostları və bir neçə nəfər müştəri yanımıza gələrək bizi ayırdılar. Daha sonra evimə getdim. Səhəri gün 3 saylı xəstəxanaya yollandım. Orada müayinə olunduqdan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək hadisə barədə məlumat verdim".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rafiq altı ay müddətinə azadlıqdan məhrum edilib.

0.073991060256958